Bakı. Trend:
Azov dənizindəki son faciə bir daha göstərdi ki, müharibə və münaqişə zonaları vətəndaşlığından və münaqişəyə aidiyyatından asılı olmayaraq mülki şəxslər üçün həddindən artıq təhlükəlidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, hücuma məruz qalan gəmilərdə fərdi qaydada, muzdlu dənizçi kimi çalışan və həlak olan həmvətənlərimizin taleyi hər birimizi dərindən narahat edir.
“Bu hadisə fonunda bir daha göstərir ki, dövlət xətti ilə deyil, tamamilə fərdi seçimlə riskli bölgələrdə fəaliyyət göstərən, həmçinin münaqişələrdə könüllü iştirak edən soydaşlarımızın təhlükəsizliyinə heç kimin zəmanət verə bilməyəcəyi acı bir həqiqətdir.
Təbii ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir.
Lakin, cəmiyyətimizi sarsıdan bu cür itkilərin bir daha təkrarlanmaması üçün xaricdə çalışan bütün azərbaycanlıların qaynar nöqtələrdən uzaq durması və öz həyatlarını təhlükəyə atmaması vacibdir”, - deyə o qeyd edib.
