Gənclər cəmiyyətlər arasında körpü rolunu oynayır - Mariyana Kuyundziç

Cəmiyyət Materials 5 İyun 2026 14:34 (UTC +04:00)
Gənclər cəmiyyətlər arasında körpü rolunu oynayır - Mariyana Kuyundziç
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Gəncə. Trend:

Gənclər cəmiyyətlər arasında körpü rolunu oynayır.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində keçirilən "Aİ Gənclər Müsabiqəsi"ndə deyib.

O bildirib ki, müsabiqə gəncləri Avropa, onun dəyərləri və Aİ-yə üzv dövlətlərin müxtəlifliyi haqqında daha çox öyrənməyə ruhlandırır.

Səfir qeyd edib ki, Aİ gənclərin daha parlaq gələcək qurmaq səylərini dəstəkləyir və regionlarda yaşayan gənclərlə əməkdaşlığa xüsusi önəm verir.

“Biz ənənəvi olaraq Azərbaycanın müxtəlif bölgələrində gənclər üçün yay məktəbləri təşkil edirik. Son yay məktəbi İsmayıllıda keçirilib”, - deyə o vurğulayıb.

Mariyana Kuyundziç əlavə edib ki, oktyabrın 10-11-də Bakıda keçiriləcək təhsil sərgisinə bütün gənclər dəvətlidir.

Səfirin sözlərinə görə, bu cür tədbirlər və birgə fəaliyyətlər cəmiyyətlər arasında körpülərin qurulmasına xidmət edir:

“Gənclər cəmiyyətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsində əsas rol oynayırlar”.

O həmçinin bildirib ki, bu il Aİ-Azərbaycan tərəfdaşlığının 30 illiyi qeyd olunur.

“1996-cı ildən bu günədək kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, ətraf mühit və digər sahələrdə yüzlərlə layihə həyata keçirilib. Minlərlə tələbə Erasmus+ proqramı çərçivəsində Avropada təhsil alıb”, - deyə səfir qeyd edib.

Mariyana Kuyundziç xatırladıb ki, 2016-cı ildə Gəncə şəhəri Avropa Gənclər Paytaxtı seçilib və həmin il şəhərdə “Avropa Şəhərciyi” təşkil olunub.

O, tədbirin təşkilində könüllü kimi iştirak edən gənclərə təşəkkür edib və bildirib ki, “Avropa Şəhərciyi” yenidən Gəncədə keçiriləcək.

Qeyd edək ki, Avropa İttifaqının flaqman tədbiri olan “Avropa Şəhərciyi-2026” iyunun 6-da Gəncə şəhərində keçiriləcək.

“Aİ-Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusuna həsr olunan tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.

Tədbirin rəsmi açılışı iyunun 6-da Aİ və üzv dövlətlərin Azərbaycandakı səfirlərinin iştirakı ilə baş tutacaq. Açılışdan əvvəl isə Heydər Əliyev parkında ağacəkmə aksiyası keçiriləcək.

Proqram çərçivəsində uşaqlar üçün üz boyama, kukla tamaşaları, stolüstü oyunlar, eləcə də viktorinalar, mini yarışmalar və musiqi-rəqs proqramları təşkil ediləcək.

Tədbirdə Aİ Nümayəndəliyi ilə yanaşı, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveç də təmsil olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti