Xəzərin səviyyəsinin azalması mövzusunda panel müzakirəsi keçirilib

İqtisadiyyat Materials 5 İyun 2026 17:38 (UTC +04:00)
Xəzərin səviyyəsinin azalması mövzusunda panel müzakirəsi keçirilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans çərçivəsində Ümumdünya Ətraf Mühit Günü 2026 "Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə" adlı tədbirdə panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, panel muzakirəsi zamanı Rusiyanın Hidrometeoroloji Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Elena Ostrovskaya bildirib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi təbii prosesdir:

"İqlim üzrə tədqiqatlar göstərir ki, yaxın illərdə Xəzər dənizində su səviyyəsinin azalması davam edə bilər. Xəzər dənizinin səviyyəsinin dəyişməsi təbii prosesdir və tarix boyu bu hal dəfələrlə baş verib. Müxtəlif dövrlərdə su səviyyəsinin həm artması, həm də azalması müşahidə olunub. Stansiyalarda aparılan ölçmələr göstərir ki, son 200 illik dövrdə də su səviyyəsində enmələr və qalxmalar qeydə alınıb", - o qeyd edib.

Azərbaycanda fəaliyyət göstərən iqlim eksperti Rövşən Abbasov isə bildirib ki, Xəzər dənizi ümumilikdə axarsız bir su hövzəsidir, lakin onun əsas su mənbələri hövzəyə tökülən çaylardır.

Onun sözlərinə görə, suyun böyük hissəsi əsasən Volqa və Ural çaylarından gəlir. Xəzərə daxil olan ümumi suyun təxminən 80 faizi Volqa çayının payına düşür:

"Xəzər dənizinin səviyyəsi aşağı düşür, çünki o, çay axınlarından asılıdır. Çayların axımı dəyişdikcə dənizin səviyyəsi də dəyişir. Mən 1995-ci ili xatırlayıram. Son yüz il ərzində dənizin səviyyəsi ciddi şəkildə tərəddüd edib.

1995-ci ildə Xəzər dənizinin səviyyəsi ən yüksək həddə çatmışdı. Bu isə Azərbaycanın təxminən 800 kilometrlik sahilboyu ərazilərində normal həyatı pozmuşdu. Uzunmüddətli daşqınlar baş vermiş, sahilboyu əsas infrastruktur su altında qalmışdı. Hətta Bakı bulvarının bəzi hissələri də daşqınlardan zərər görmüşdü.

Lakin 1995-ci ildən sonra dəniz səviyyəsində azalma müşahidə olunur. Bu azalma Xəzər hövzəsində baş verən müxtəlif amillərlə əlaqədardır. Əsas səbəb çaylardan gələn suyun azalmasıdır. Bəs çay axını niyə azalır? Bunun əsas səbəbləri temperaturun yüksəlməsi və yağıntıların azalmasıdır. Bundan əlavə, suya tələbat da artır. Məlum olduğu kimi, Xəzərə daxil olan suyun böyük hissəsi Rusiya ərazisindən, xüsusilə Volqa çayından gəlir.

Rusiya ərazisindəki su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrə çatır. Bu isə daha çox buxarlanma və su itkiləri deməkdir. Bu məsələ ilə bağlı tədbirlər görülməlidir.

Eyni zamanda, iqlim dəyişikliyinin təsirləri güclənir və suvarılan torpaq sahələrinin həcmi həm Rusiyada, həm də digər ölkələrdə, o cümlədən Azərbaycanda artır. Bu da su ehtiyatlarına əlavə təzyiq yaradır.

Əsas nəticə budur ki, Xəzər hövzəsində sudan istifadənin daha səmərəli və qənaətli şəkildə təşkil olunması vacibdir. Bu məsələ xüsusi əhəmiyyət daşıyır", o bildirib.

Lids Universitetindən Simon Goodman isə qeyd edib ki, Xəzər dənizinin səviygəsinin enməsi potensial olaraq faciəvi nəticələr verə bilər.

Onun fikrincə, ən nikbin ssenaridə belə dəniz səviyyəsinin 5–8 metr enəcəyi nəzərə alınsa, bu mühüm yaşayış mühitlərində və ekoloji baxımdan əhəmiyyətli ərazilərdə çox böyük itkilərə səbəb ola bilər:

"Dəniz səviyyəsinin 5 metr enməsi halında, mövcud 15 ekoloji və bioloji cəhətdən əhəmiyyətli ərazilərin 7-si öz sahəsinin 50 faizdən çoxunu itirə bilər, onlardan 4-ü isə tamamilə yox ola bilər. Dəniz səviyyəsi 10 metr enərsə, beş belə ərazi tamamilə itəcək, həmçinin Xəzərin şimal hissəsinə məxsus dörd unikal ekoregion da yox olmaq təhlükəsi ilə üzləşəcək".

O Xəzərin əsas növləri olan nərəkimilər üçün də nəticələrin ciddi olacağına diqqət çəkib:

“Dəniz səviyyəsinin 5 metr enməsi Xəzər suitisinin mövcud çoxalma ərazilərinin təxminən 57–81 faizinin itirilməsinə səbəb ola bilər. Eyni zamanda nərəkimilərin yayılma arealı əhəmiyyətli dərəcədə daralacaq və onların çay sistemlərinə çıxışı ciddi şəkildə məhdudlaşacaq. Bu isə Xəzər dənizinin kritik biomüxtəlifliyi üçün potensial olaraq fəlakətli nəticələrə işarə edir. Nəticə etibarilə, insanların rifahı və iqtisadi fəaliyyət ekosistem xidmətlərindən asılıdır. Buna görə də yarana biləcək biomüxtəliflik itkilərinin qarşısının alınması yollarının nəzərdən keçirilməsi olduqca vacibdir”, - o qeyd edib.

“İDEA İctimai Birliyi”nin Xəzər dənizi üzrə tədqiqatlar eksperti Elnur Səfərov isə çıxışında bildirib ki, meteoroloji stansiyaların əhatə dairəsi olduqca məhduddur.
Onun sözlərinə görə, Xəzərdə baş verən dəyişiklikləri tam anlamaq üçün bu məlumatlar kifayət etmir:

"Müvafiq qanunvericilik mövcuddur və həm Rusiya, həm də Azərbaycan tərəfindən fərqli yanaşmalar tətbiq olunur. Bəzən bu yanaşmalar arasında fikir ayrılıqları da yaranır. Bununla yanaşı, peyk müşahidələri mövcuddur və daha dəqiq nəticələr əldə etmək üçün müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyası vacibdir. Data sistemlərində müəyyən yenilənmələrə ehtiyac var. Yarı institusional, yarı elmi formatda yeni bir platformanın yaradılması zəruridir ki, inteqrasiya olunmuş və daha dəqiq məlumatlar əldə olunsun. Bu məqsədlə biz “İdea İctimai Birliyi” olaraq Xəzər dənizi tədqiqatçılarını bir araya gətirən bir şura yaratmışıq. Lakin bunun daha geniş miqyasda həyata keçirilməsi üçün dövlət səviyyəsində dəstək vacibdir.

Stansiya məlumatları, reanaliz məlumatları və vətəndaş müşahidələrini birləşdirən vahid bir modelin yaradılması önəmlidir. Məlumatlar nə qədər dəqiq olsa, proqnozlar da bir o qədər etibarlı olar. Xəzərin şimal hissəsində orta dərinlik cəmi bir neçə metrdir. Təxminən 25 sm-lik azalma belə ciddi ekoloji nəticələrə səbəb ola bilər. Əgər ilin sonuna qədər yağıntılar davam etsə, Xəzər dənizinin səviyyəsində sabitləşmə müşahidə oluna bilər", o qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının iqlim və sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler isə çıxışı zamanı diqqətə çatdırıb ki, Xəzər dənizinin vəziyyəti birbaşa onun ətrafında yaşayan bütün insanların və canlıların vəziyyətinə təsir göstərir:

"Hazırda dəniz səviyyəsinin azalmasının, həm su həcminin, həm də suyun keyfiyyətinin dəyişməsinin insan sağlamlığına təsiri ilə bağlı sistemli şəkildə toplanmış və qiymətləndirilmiş məlumatlarımız yoxdur. Məhz buna görə də biz Azərbaycanda IDEA İctimai Birliyi və Azərbaycanın Səhiyyə Nazirliyi, eləcə də səhiyyə naziri Teymur Musayev ilə ətraf mühitə və insan sağlamlığına təsirlərin sistemli şəkildə qiymətləndirilməsi istiqamətində müzakirələrə başlamışıq".

O bildirib ki, ölkələrin əlində bütün məlumatların olmaması o demək deyil ki, elm və siyasət səviyyəsində ciddi müzakirələr apara bilməz:

"Çünki qarşımızda ən yaxşı və ya bəlkə də ən pis nümunə var – Aral dənizi. Vaxtilə dünyanın dördüncü ən böyük daxili su hövzəsi olan Aral dənizi, təxminən 68 min kvadrat kilometr sahəni əhatə edirdi. Bu gün isə onun böyük hissəsi zəhərli tozlarla örtülmüş səhraya çevrilib. Bu, ən pis ssenarinin necə görünə biləcəyini açıq şəkildə göstərən bir nümunədir"

Rusiyanın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və İqlim Dəyişikliyi Departamentinin şöbə müdiri Natalia Tretyakova çıxışında Rusiyada Xəzərin səviyyəsinin dəyişməsi məsələsinə ciddi yanaşıldığını qeyd edib.

O bildirib ki, təxminən 30 ildir Xəzər dənizinin muhafizəsi ilə məşğuldur:

"Bu müddət ərzində müxtəlif mexanizmlər və əməkdaşlıq platformaları formalaşdırılıb. Hamımız bu fikirdəyik ki, Xəzər unikal su hövzəsidir. Onun əsas xüsusiyyətlərindən biri su səviyyəsinin dəyişkən olmasıdır və bu, hüquqi sənədlərdə də öz əksini tapıb. Biz hesab edirik ki, bu dəniz hamımıza məxsusdur və məsələlər üzrə məsləhətləşmələr ədalətli və şəffaf formatda aparılmalıdır. Məlumat mübadiləsi nə qədər əhatəli olsa, qiymətləndirmələr də bir o qədər düzgün olar. Etibarlı məlumatlar əsasında adaptiv tədbirlər görülə bilər və ekstremal su səviyyəsi dəyişiklikləri zamanı həyata keçirilən fəaliyyətlər daha effektiv olar.

Türkmənistandakı görüşdə biz İqlim üzrə İşçi Qrupun yaradılmasını təklif etmişik. İqlim ölçmələri və bazada olan məlumatların daha dolğun olmasını vacib hesab edirik.

İkitərəfli sazişlərlə yanaşı, müxtəlif istiqamətlərdə - hidrometeoroloji monitorinq, canlı dəniz resurslarının qorunması və elmi əməkdaşlıq sahələrində də fəaliyyət mövcuddur. Rusiya Xəzərdə su səviyyəsinin dəyişməsi məsələsinə xüsusi önəm verir. Hazırda su səviyyəsinin dəyişməsinin səbəblərinin araşdırılması üzrə layihə həyata keçirilir", o bildirib.

Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafiq Verdiyevisə bildirib ki, təhlillərə görə keçən il temperatur artımı baş verib:

"Temperaturun artması buxarlanma və çay axınlarının azalması təbii olaraq Xəzər dənizi səviyyəsinin enməsinə səbəb olur. Vəziyyət yaxşı deyil. Azərbaycanda, məsələn, sahil zonamızda ekoloji problem, biomüxtəliflik problemi, həmçinin sənaye problemləri görürük. Məsələn, gəmilər sahilə, dənizkənarı ərazilərə yaxınlaşa bilmir və bu da müəyyən çətinliklər yaradır. Dəniz səviyyəsinin bir neçə metr enməsi daha da mürəkkəb vəziyyətə gətirib çıxara bilər. Vəziyyət ondan ibarətdir ki, biz təsir altındayıq. Biz iqlim dəyişikliyindən təsirlənirik, dəniz səviyyəsinin enməsindən təsirlənirik", o qeyd edib.

Xəbər lenti

Xəbər lenti