Culfa–Naxçıvan dəmir yolu xətti bərpa edilə bilər - Bojkov

İqtisadiyyat Materials 5 İyun 2026 17:52 (UTC +04:00)
Culfa–Naxçıvan dəmir yolu xətti bərpa edilə bilər - Bojkov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Gəncə. Trend:

Avropa İttifaqı (Aİ) Naxçıvan dəmir yolunun bərpasını ən mühüm layihələrdən biri hesab edir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının hazırda nəzərdən keçirdiyi ən iri investisiya layihələrindən biri Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasıdır.

“Vaxtilə bu dəmir yolu Xəzər dənizi ilə Qara dənizi birləşdirən mühüm nəqliyyat xətti olub. Lakin uzun illərdir ki, xətt baxımsız vəziyyətdədir və əsaslı təmirə ehtiyac duyur”, – deyə o bildirib.

Viktor Bojkov qeyd edib ki, bir neçə həftə əvvəl ekspertlərlə birlikdə Culfa–Naxçıvan dəmir yolu xəttinə baxış keçirilib.

“Hazırda həmin hissədə qatarların saatda 20 kilometrdən artıq sürətlə hərəkət etməsi mümkün deyil. Buna baxmayaraq, ekspertlərin yekdil qənaəti ondan ibarət olub ki, dəmir yolu xətti hələ də istifadəyə yararlıdır və düzgün investisiya ilə bərpa edilə bilər”, – deyə o vurğulayıb.

Aİ rəsmisi bildirib ki, baxış zamanı körpülər, keçidlər və sərhəd boyunca yerləşən hissələr də yoxlanılıb.

Onun sözlərinə görə, dəmir yolu xətti bəzi ərazilərdə Araz çayı və sərhədə çox yaxın məsafədən keçir.

“Bu layihə milli əhəmiyyət daşıyan layihələrdən biridir və düşünürəm ki, bugünkü təqdimatlardan yadda qalacaq əsas təşəbbüslərdən biri məhz Naxçıvan dəmir yolu layihəsi olacaq”, – deyə V.Bojkov əlavə edib.

O qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə Gəncədə də bir sıra investisiya layihələri həyata keçirilir.
Bildirilib ki, həmin layihələrdən biri su resurslarının idarə olunması, digəri isə şəhərin küçə işıqlandırılması sisteminin yenilənməsi ilə bağlıdır.

“Gəncə üçün müasir və enerjiyə qənaət edən küçə işıqlandırılması sisteminin yaradılması həm təhlükəsizlik, həm də enerji səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti