Gəncə. Trend:
Avropa İttifaqı (Aİ) Qarabağ və Gəncə ilə bağlı yeni qrant və investisiya layihələrini nəzərdən keçirir.
Trend xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı investisiya layihələri çərçivəsində təqdim olunan kreditlərin şərtlərinin daha əlverişli olması üçün qrant mexanizmlərindən də istifadə edir.
“Belə olan halda ayrılan vəsaitin müəyyən hissəsi qrant kimi
təqdim edilir və nəticədə geri ödənilməli olan məbləğ azalır. Bu
isə şəhərlərin və layihə benefisiarlarının daha çox fayda əldə
etməsinə imkan yaradır”, – deyə o bildirib.
Viktor Bojkov qeyd edib ki, hazırda Aİ tərəfindən maliyyələşdirilən
bir sıra qrant layihələri həyata keçirilir.
Onun sözlərinə görə, layihələrdən biri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunur və Qarabağ bölgəsində regional inkişaf, ekologiya və ətraf mühit məsələlərini əhatə edir.
Aİ rəsmisi əlavə edib ki, digər layihə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə həyata keçirilir və hazırda hazırlıq mərhələsindədir.
“Bu layihə Qarabağ bölgəsində səhiyyə sahəsində dayanıqlığın artırılması və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə yönəlib”, – deyə o vurğulayıb.
V.Bojkov həmçinin “Qlobal Merlər Sazişi” layihəsindən də danışıb. O bildirib ki, Gəncə şəhəri də bu təşəbbüsə qoşulub.
Layihə çərçivəsində Azərbaycan və Avropa şəhərlərinin nümayəndələri şəhərsalma, ekologiya, yaşıllaşdırma, təhsil və digər sahələr üzrə təcrübə mübadiləsi aparırlar.
“Bu təşəbbüs şəhərlərin inkişafı və insanlar üçün daha keyfiyyətli urban mühitin formalaşdırılması baxımından mühüm platformadır”, – deyə o əlavə edib.
V.Bojkov bildirib ki, növbəti mərhələdə investisiya layihələri və xüsusilə Gəncədə həyata keçirilən təşəbbüslər barədə daha ətraflı məlumat təqdim olunacaq.
