Gəncə. Trend:
Avropa İttifaqı (Aİ) Gəncədə tullantıların idarə olunması və küçə işıqlandırılmasına milyonlarla avro ayırır.
Trend xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.
Onun sözlərinə görə, Gəncədə həyata keçirilən əsas investisiya layihələrindən biri bərk məişət tullantılarının idarə olunması ilə bağlıdır.
“Bu layihə çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən 10 milyon avro kredit ayrılır. Avropa İttifaqı isə həmin krediti dəstəkləmək məqsədilə 4,1 milyon avro qrant təqdim edir”, – deyə o bildirib.
Viktor Bojkov qeyd edib ki, layihə çərçivəsində tullantıların daşınması üçün xüsusi yük maşınları və tullantı konteynerləri alınacaq.
“Yaxın vaxtlarda bu avadanlıqları Gəncə küçələrində görmək mümkün olacaq. Bununla yanaşı, avtomatlaşdırılmış nəqliyyat vasitələrinin izlənilməsi sistemi və “ağıllı” tullantı toplama sistemi də tətbiq ediləcək”, – deyə o əlavə edib.
Aİ rəsmisi bildirib ki, ikinci investisiya layihəsi Gəncə şəhərinin küçə işıqlandırılması sisteminin yenilənməsini əhatə edir.
Onun sözlərinə görə, layihə çərçivəsində AYİB tərəfindən 12,5 milyon avro kredit ayrılır, Avropa İttifaqı isə layihəyə dəstək məqsədilə 2,5 milyon avro qrant təqdim edir.
“Layihə Gəncə küçələrində yeni, enerjiyə qənaət edən LED işıqlandırma sisteminin quraşdırılmasını, həmçinin avtomatlaşdırılmış idarəetmə və monitorinq sistemlərinin tətbiqini nəzərdə tutur. Bu isə şəhərin enerji sərfiyyatının azalmasına kömək edəcək”, – deyə V.Bojkov vurğulayıb.
O qeyd edib ki, üçüncü layihə “Yaşıl Şəhərlər Proqramı” çərçivəsində həyata keçirilir və Gəncə bu proqrama qoşulan ilk Azərbaycan şəhəridir.
“Avropa İttifaqı Gəncənin “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanmasına dəstək məqsədilə təxminən 1,5 milyon avro qrant ayırır”, – deyə o bildirib.
