Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 3,560 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,078 milyard ABŞ dolları və ya 7,4 dəfə çoxdur.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20,45 faizini təşkil edib. Bununla da Böyük Britaniya hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları həyata keçirdiyi ölkələr sırasında ikinci yeri tutub.
Cari ilin yanvar-aprel aylarında Azərbaycan Böyük Britaniyaya 3,470 milyard ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,330 milyard ABŞ dolları və ya 24,9 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Böyük Britaniyadan Azərbaycana təxminən 89,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 252,5 milyon ABŞ dolları və ya 73,8 faiz azdır.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9 faiz çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard ABŞ dolları (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard ABŞ dolları (32,1 faiz) azalıb.
Trend-ə müsahibəsində Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UKEF) baş icraçı direktoru Tim Reyd bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlər möhkəmdir və inkişaf etməkdə davam edir.
“Azərbaycan üzrə bazar risklərinin sığortalanması üçün bizdə ən yüksək təminat səviyyəsi mövcuddur – azı 5 milyard funt sterlinq. Bu da ölkəyə britaniyalı ixracatçılar üçün etibarlı tərəfdaş kimi inamımızı əks etdirir”, – deyə T. Reyd qeyd edib.
Onun sözlərinə görə, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin 2025-ci ilin avqustunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stiven Dautinin Bakıya səfəri zamanı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki tərəfin bu əməkdaşlığa nə qədər ciddi yanaşdığını göstərir.
“Biz artıq Azərbaycanda konkret nəticələr əldə etmişik. Bunlara nazirin səfəri zamanı müzakirə edilən “Silk Way West Airlines” üçün aviasiya trenajorunun tədarükü üzrə sazişə göstərilən dəstək daxildir. Gələcəkdə isə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli imkanlar görürük. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və infrastrukturun inkişafı istiqamətində səyləri, eləcə də Orta Dəhliz boyunca yerləşməsi Britaniya biznesi üçün geniş perspektivlər açır və UKEF bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazırdır”, – deyə agentliyin rəhbəri vurğulayıb.
O qeyd edib ki, UKEF-in dəstəyinin genişləndirilməsi üçün ən perspektivli sahələr təmiz enerji və zəruri əhəmiyyətli faydalı qazıntılardır. Bu iki istiqamətdə Azərbaycan böyük potensiala malikdir, Böyük Britaniya isə xüsusilə infrastruktur və peşəkar xidmətlər sahəsində dünya səviyyəli təcrübəyə sahibdir.
