Yeni yol Bakı üçün nə vəd edir? - Ekspertdən şərh

Cəmiyyət Materials 5 İyun 2026 14:07 (UTC +04:00)
Yeni yol Bakı üçün nə vəd edir? - Ekspertdən şərh
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron yarımadasının şimal-qərb hissəsini Bakı şəhərinin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası planlaşdırılır.

Yeni yol nəqliyyat axınlarının daha balanslı bölüşdürülməsinə, mövcud magistrallardakı yükün azalmasına və Bakı nəqliyyat sistemində yeni alternativ bağlantının formalaşmasına imkan yaradacaqmı?

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, hər hansı bir layihəyə qiymət verilərkən ona ayrıca bir yol layihəsi kimi deyil, Dövlət Proqramında nəzərdə tutulmuş kompleks tədbirlər planının tərkib hissəsi kimi baxmaq lazımdır.

Onun sözlərinə görə, burada söhbət yalnız bir avtomobil yolundan getmir. Proqram çərçivəsində dairəvi, radial və əlaqələndirici yolların inşası ilə yanaşı, relsli nəqliyyatın inkişafı da nəzərdə tutulub.

“Bu tədbirlərə şəhərdaxili metro şəbəkəsinin genişləndirilməsi, şəhərətrafı elektrik qatarlarının inkişafı və tramvay xətlərinin çəkilməsi daxildir. Həmçinin sözügedən radial yol layihəsinin tərkib hissəsi kimi tramvay xəttinin inşası da planlaşdırılır. Layihə ümumilikdə şəhərin nəqliyyat sisteminin inkişafına mühüm töhfə verəcək və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni bir bağlantı formalaşdıracaq. Hazırda Şimal-Cənub istiqamətini əlaqələndirən əsas magistral Azadlıq prospektidir. Digər alternativ marşrut isə hələ tam başa çatdırılmayıb. Həmin marşrut Pirşağıdan Böyük Şora, oradan Dərnəgül vasitəsilə Böyük İpək Yolu prospektinə çıxır. Gələcəkdə onun Şəfa stadionundan uzadılması Babək və 8 Noyabr prospektləri ilə əlaqələndirilməsi nəzərdə tutulur”, – deyə o vurğulayıb.

Ekspertin fikrincə, yeni yol istifadəyə verildikdən sonra Azadlıq prospektinin üzərinə düşən nəqliyyat yükünün əhəmiyyətli hissəsini öz üzərinə götürə biləcək.

“Layihənin mühüm üstünlüklərindən biri də yolun tərkibində tramvay xəttinin nəzərdə tutulmasıdır. Bu xətt Mehdiabaddan başlayaraq vahid şəbəkə prinsipi əsasında qurulacaq və şəhərdə planlaşdırılan beş əsas tramvay istiqamətindən birinə çevriləcək. Bu isə həm ictimai nəqliyyatın əlçatanlığını artıracaq, həm də daha ekoloji və dayanıqlı nəqliyyat sisteminin formalaşmasına töhfə verəcək”, – deyə R.Ağamirzəyev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti