Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Siyasət Materials 6 İyun 2026 11:19 (UTC +04:00)
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Gəncə. Trend:

Bu həftə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında gələcək ikitərəfli saziş üzrə çox məhsuldar danışıqlar aparılıb. Bu uğurlu həftənin məhz Gəncədə yekunlaşması olduqca simvolikdir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində şəhərin icra başçısı ilə səfirlərin görüşündə deyib.

Səfir bildirib ki, Gəncə şəhərində olmaqdan məmnunluq duyurlar və göstərilən qonaqpərvərliyə görə şəhər rəhbərliyinə təşəkkür edirlər.

“Avropa İttifaqı adından Gəncədə “Avropa Şəhərciyi”nin təşkilinə və bizi qəbul etdiyinizə görə təşəkkürümüzü bildiririk. Biz burada Aİ-ni təmsil edən 17 səfirlə birlikdəyik. Onlar Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveçi təmsil edirlər”, – deyə o vurğulayıb.

Mariyana Kuyundziç qeyd edib ki, 2016-cı ildə Gəncənin Avropa Gənclər Paytaxtı elan olunması münasibətilə şəhərdə ilk “Avropa Şəhərciyi” təşkil edilib.

“Bu gün həmin tədbirin 10 illiyini qeyd edirik. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyini də bu gözəl şəhərdə qeyd etməkdən məmnunuq”, – deyə səfir əlavə edib.

O bildirib ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi 1996-cı ildə imzalanıb və sənəd siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq sahələrində ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edir.

Səfirin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından və investorlarından biridir.

“Aİ tərəfdaşlığımızın daha da gücləndirilməsinə sadiqdir. Bu həftə Aİ ilə Azərbaycan arasında gələcək ikitərəfli saziş üzrə çox məhsuldar danışıqlar aparılıb. Bu uğurlu həftənin məhz Gəncədə yekunlaşması olduqca simvolikdir”, – deyə o qeyd edib.

Mariyana Kuyundziç əlavə edib ki, tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri üzrə, ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini əhatə edən geniş sənəd üzərində də razılığa gəliblər.

Səfir həmçinin vurğulayıb ki, Gəncə şəhəri də Avropa İttifaqının dəstəyindən faydalanır və Aİ şəhərin inkişafına yönəlmiş layihələri maliyyələşdirməkdən qürur duyur.

Xəbər lenti

Xəbər lenti