Bakı. Trend:
Süni intellekt inkişaf etdikcə daha az resurs istehlak edəcəyi ilə bağlı geniş yayılmış fikir əslində böyük bir yanlış təsəvvürdür.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yayımlanan yeni hesabatda qeyd olunub.
Süni intellekt modellərinin səmərəliliyi artdıqca enerji və resurs tələbatının azalacağına dair nikbin gözləntilər BMT-nin son ekoloji hesabatı ilə sarsılıb. Hesabata görə, süni intellektin ətraf mühitə təsiri gözlənildiyinin əksinə olaraq sürətlə artır.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət iqtisadiyyatda "Jevons paradoksu" kimi tanınan prinsiplə izah olunur. Bu prinsipə görə, hər hansı bir resursdan istifadənin səmərəliliyi artdıqca onun dəyəri azalır və nəticədə istehlak azalmaq əvəzinə qlobal miqyasda daha da artır.
BMT hesabatındakı proqnozlar süni intellektin yaxın gələcəkdə dünya resurslarına göstərəcəyi təzyiqin miqyasını ortaya qoyur. Məlumatlara görə, 2030-cu ilə qədər süni intellektin enerji istehlakı iki dəfə artaraq qlobal elektrik enerjisi istehlakının 3%-nə çata bilər.
Bu göstərici təxminən Birləşmiş Krallıqın karbon emissiyalarına bərabər səviyyədə ekoloji çirklənmə deməkdir. Daha diqqətçəkən məqam isə odur ki, məlumat mərkəzlərinin soyudulması üçün istifadə olunacaq suyun həcminin dünya əhalisinin illik içməli su tələbatını keçəcəyi proqnozlaşdırılır.
Ötən il məlumat mərkəzlərinin təkbaşına Səudiyyə Ərəbistanı qədər elektrik enerjisi istehlak etdiyi nəzərə alınarsa, 2030-cu ildə gözlənilən artımı kompensasiya etmək üçün 10 il ərzində böyüyəcək 6,7 milyard ağaca və Meksika ərazisindən təxminən on dəfə böyük torpaq sahəsinə ehtiyac olacağı hesablanır.
