Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla bağlı mövcud qarşıdurmanı yaxın gələcəkdə ya razılaşma yolu ilə, ya da daha sərt tədbirlər vasitəsilə başa çatdırmağı hədəfləyir.
Trend xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, proses həlledici mərhələyə yaxınlaşır və ABŞ tezliklə İran məsələsində qəti addımlar atacaq.
“Bu proses ya razılaşma ilə, ya da daha sərt vasitələrlə yekunlaşacaq. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini yaxın zamanda görəcəyik. Razılaşma yolu daha sadə variant sayıla bilər”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, İran ABŞ-ın hərbi əməliyyatlarından əvvəl malik olduğu raket ehtiyatının təxminən beşdəbir hissəsini qoruyub saxlayıb.
“Onların hələ də müəyyən sayda raket və pilotsuz uçuş aparatları
var. Faizlə ifadə etsək, arsenalın təxminən 21-22 faizi qalıb. Bu
da az deyil, lakin əvvəlki potensialları ilə müqayisədə xeyli
fərqlənir”, – deyə o vurğulayıb.
