Bakı.Trend:
Özbəkistan və Azərbaycan strateji tərəfdaşlığın ekoloji məsuliyyət və innovativ inkişafla uğurla uzlaşdırıla biləcəyinin nümunəsini nümayiş etdirirlər.
Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Ümumdünya Ətraf Mühit Günü 2026 çərçivəsində Trend-ə verdiyi müsahibədə bildirib.
“Ümumdünya Ətraf Mühit Gününün Bakıda keçirilməsi Azərbaycanın ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində səylərinin beynəlxalq ictimaiyyət tərəfindən mühüm şəkildə tanınması deməkdir. Beynəlxalq səviyyəli iqlim tədbirlərini uğurla keçirdikdən sonra Azərbaycan qlobal ekoloji dialoq platforması kimi mövqeyini daha da möhkəmləndirir. 2026-cı il Ümumdünya Ətraf Mühit Gününün iqlim fəaliyyəti, biomüxtəlifliyin qorunması, Xəzər dənizinin ekosisteminin mühafizəsi və bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunması onu bütün region üçün xüsusi əhəmiyyətli edir”, – deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, səsləndirilən bütün mövzular Özbəkistan üçün strateji əhəmiyyət daşıyır.
“Ölkəmiz Aral dənizinin qurumasının fəsadlarının aradan qaldırılması, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı genişmiqyaslı ekoloji proqramları fəal şəkildə həyata keçirir. Son illərdə Aralın qurumuş yatağında milyonlarla hektar ərazidə meşə zolaqları salınıb ki, bu da duz və toz fırtınalarının yayılmasının qarşısını almağa kömək edir. Bundan əlavə, Özbəkistan milli enerji balansında bərpa olunan enerji mənbələrinin payını əhəmiyyətli dərəcədə artırmağı qarşısına məqsəd qoyub və günəş və külək elektrik stansiyalarının tikintisinə beynəlxalq investorları fəal şəkildə cəlb edir”, – deyə o qeyd edib.
Səfir ölkə rəhbərliyinin mühüm təşəbbüslərini də xatırladıb. Onun sözlərinə görə, Şavkat Mirziyoyev Qlobal Ekoloji Fondun VIII Assambleyasında çıxışı zamanı ekoloji transformasiyanın və iqlim dayanıqlığının ölkənin və bütövlükdə regionun inkişafı üçün strateji əhəmiyyətini vurğulayıb. Yaşıl investisiyaların genişləndirilməsi, iqlim elminin inkişafı, səhralaşma ilə mübarizə və regional ekoloji tərəfdaşlığın gücləndirilməsi üzrə təşəbbüslər irəli sürülüb.
“Bu yanaşmalar Ümumdünya Ətraf Mühit Gününün məqsədləri ilə tam səsləşir və Özbəkistanın qlobal ekoloji problemlərin həllinə fəal töhfə vermək istəyini əks etdirir”, – deyə o bildirib.
Səfir vurğulayıb ki, Xəzər dənizi planetin ən böyük qapalı su hövzəsi və çoxsaylı nadir heyvan və bitki növlərinin yaşadığı unikal ekosistemdir.
“İqlim dəyişikliyi, su səviyyəsindəki dəyişkənliklər və antropogen təsirlər bütün Xəzəryanı dövlətlərin bir-birilə əlaqələndirilmiş fəaliyyətini tələb edir. Özbəkistanın Xəzər dənizinə çıxışı olmasa da, biz Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun bütövlükdə ekoloji dayanıqlığının qorunmasında maraqlıyıq, çünki ekoloji problemlər dövlət sərhədləri tanımır”, -deyə diplomat vurğulayıb.
İki ölkə arasında əməkdaşlığın perspektivlərindən danışan səfir onun gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
“Ölkələrimiz dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və enerji keçidi sahələrində əməkdaşlığı ardıcıl şəkildə genişləndirirlər. Azərbaycan, xüsusilə Xəzər dənizinin akvatoriyasında külək enerjisi sahəsində böyük potensiala malikdir, Özbəkistan isə günəş və külək enerjisi istehsalını fəal şəkildə inkişaf etdirir. Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qabaqcıl təcrübə mübadiləsi, birgə ekoloji təşəbbüslərin təşviqi və regional tərəfdaşlığın möhkəmləndirilməsi üçün əla imkan olacaq. Əminəm ki, bu tədbir qlobal ekoloji gündəliyin həyata keçirilməsinə mühüm töhfə verəcək və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına xidmət edəcək”, – deyə o bildirib.
