Bakı.Trend:
Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və kibertəhlükəsizlik, kibertəhdidlərə qarşı mübarizə, fərdi məlumatların mühafizəsi və milli səviyyədə koordinasiya funksiyalarını daha geniş institusional imkanlarla həyata keçirəcək.
Bu barədə Trend-ə Milli Kibertəhlükəsizlik Agentliyindən (MKA) məlumat verilib.
Bildirilib ki, agentlik milli CERT funksiyalarını yerinə yetirərək, kibertəhdidlər barədə məlumatların toplanmasını, təhlil edilməsini və aidiyyəti qurumlarla paylaşılmasını təmin edəcək.
Agentliyin fəaliyyətində diqqətçəkən məqamlardan biri preventiv yanaşmanın ön plana çıxarılmasıdır. Məqsəd yalnız baş vermiş insidentlərə reaksiya vermək deyil, həm də potensial təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və risklərin minimuma endirilməsidir.
Milli Kibertəhlükəsizlik Agentliyinin mühüm vəzifələrindən biri ölkədə fəaliyyət göstərən informasiya infrastrukturu subyektləri arasında koordinasiyanın gücləndirilməsidir.
Yeni Agentliyin fəaliyyət istiqamətlərindən biri də fərdi məlumatların mühafizəsi olacaq.
Agentlik fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi ilə bağlı müraciətləri araşdıracaq, bu sahədə nəzarət mexanizmlərini tətbiq edəcək və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edəcək.
MKA-nın yaradılması Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığında rolunu da gücləndirə bilər.
Bu gün kibertəhlükələr transmilli xarakter daşıyır və onlara qarşı effektiv mübarizə yalnız beynəlxalq əməkdaşlıq şəraitində mümkündür. Yeni Agentlik xarici tərəfdaşlarla, beynəlxalq təşkilatlarla və digər ölkələrin milli kibertəhlükəsizlik qurumları ilə əməkdaşlığı daha da genişləndirmək imkanına malik olacaq.
Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ilə Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mərhələnin əsası qoyulur. Bu mərhələ dövlət, biznes və vətəndaşların rəqəmsal təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə yönəlmiş institusional transformasiya kimi qiymətləndirilir.
