Gəncə. Trend:
Avropa İttifaqı (Aİ) Gəncənin inkişaf layihələrinə milyonlarla avro dəstək verib.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində şəhərin icra başçısı ilə səfirlərin görüşündə deyib.
Səfir bildirib ki, Gəncə şəhərinin Nizami bələdiyyəsi hələ 2022-ci ildə Qlobal Merlər Razılaşması təşəbbüsünə qoşulub.
Onun sözlərinə görə, Gəncə həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl şəhərlər” proqramına Azərbaycanda ilk pilot şəhər kimi daxil olub.
Mariyana Kuyundziç qeyd edib ki, AYİB Gəncə şəhəri ilə “Gəncə su və tullantı suları prioritet investisiya proqramı”nın həyata keçirilməsini dəstəkləmək məqsədilə 35 milyon avro məbləğində kredit sazişi imzalayıb.
“Bundan əlavə, 2022-ci ildə Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı çərçivəsində 12 milyon avrodan çox kredit ayrılıb. Bunun nəticəsində mövcud küçə işıqlandırma infrastrukturunun 80 faizdən çoxu yenilənəcək”, – deyə səfir vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqı nümayəndəliyi də bu kreditə 2,5 milyon avro həcmində qrant dəstəyi göstərib.
Səfir çıxışının sonunda Gəncədə olmaqdan məmnunluğunu ifadə edib.
“Şadam ki, bu gözəl şəhəri görmək imkanımız oldu. Bəzilərimiz üçün bu, Gəncəyə ilk səfərdir və şəhər bizim üçün əsl kəşf oldu. “Avropa Şəhərciyi”nə ev sahibliyi etdiyinizə görə təşəkkür edir və ümid edirəm ki, hər kəs bu gündən zövq alacaq”, – deyə Mariyana Kuyundziç bildirib.
Mariyana Kuyundziç əlavə edib ki, tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri üzrə, ikitərəfli əməkdaşlığın bütün istiqamətlərini əhatə edən geniş sənəd üzərində də razılığa gəliblər.
