Yaxın qonşuluq – Cənubi Qafqazın gələcəyinin əsas prinsipi

Siyasət Materials 6 İyun 2026 12:20 (UTC +04:00)
Yaxın qonşuluq – Cənubi Qafqazın gələcəyinin əsas prinsipi
Fərid Baxşəliyev
Fərid Baxşəliyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın tarixi böyük mənada qonşularla qurulan münasibətlər tarixidir. Avropa və Asiyanın, Cənubi Qafqazı və Yaxın Şərqin kəsişməsində yerləşən ölkə əsrlər boyu ticarət yollarının, mədəni mübadilələrin və siyasi proseslərin mərkəzində olmuşdur. Bu gün də Azərbaycanın coğrafi mövqeyi xarici siyasətinə əhəmiyyətli təsir göstərir, qonşu ölkələr – Gürcüstan, Türkiyə, Ermənistan, İran və Rusiya ilə münasibətlər isə regionun stabilliyi üçün həlledici amillərdən biridir.

Bütün qonşu dövlətlər arasında xüsusi yer Gürcüstana məxsusdur. Müstəqillik illərində Bakı və Tbilisi əsasən praktik maraqlara əsaslanan münasibətlər qurmağı bacarmışlar. Hər iki ölkə Xəzər regionunu Avropaya bağlayan iri nəqliyyat və enerji layihələrinin mühüm iştirakçısına çevrilmişdir. Gürcüstan ərazisindən keçən yollar Azərbaycanın ixracı üçün strateji əhəmiyyət kəsb edir, bu sahədə uğurlu əməkdaşlıq isə iki dövlət arasında siyasi etimadın güclənməsinə xidmət etmişdir. Eyni zamanda münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır: mədəni əlaqələr, turizm, təhsil proqramları və ticarət sahəsində də inkişaf mövcuddur. Bu səbəbdən Azərbaycan-Gürcüstan tərəfdaşlığı bu gün regionun ən dayanıqlı əlaqələrindən biri hesab olunur.

Azərbaycan-Türkiyə münasibətləri isə tamamilə fərqli xarakter daşıyır. Bu münasibətlər tez-tez ittifaq münasibətləri kimi səciyyələndirilir ki, bunun da ciddi əsasları vardır. Dil bağlılığı, tarixi yaxınlıq və mədəni ənənələr müasir əməkdaşlığın möhkəm təməlini yaratmışdır. Son onilliklərdə qarşılıqlı fəaliyyət demək olar ki, bütün sahələri – iqtisadiyyat və energetikadan müdafiə və humanitar layihələrə qədər əhatə etmişdir. Azərbaycan üçün Türkiyə beynəlxalq arenada mühüm tərəfdaşdır, Türkiyə üçün isə Azərbaycan Cənubi Qafqazın strateji qardaş ölkəsidir. Qarşılıqlı dəstək və maraqların üst-üstə düşməsi iki ölkəyə yüksək səviyyədə siyasi dialoqu qorumağa və genişmiqyaslı regional təşəbbüsləri həyata keçirməyə imkan verir.

Xüsusi diqqət Rusiyaya yönəlməlidir – bu dövlət ənənəvi olaraq Cənubi Qafqazın təhlükəsizlik arxitekturası və siyasi balansında mühüm rol oynayır. Azərbaycan-Rusiya münasibətləri çoxşaxəlidir və ticarət, enerji, nəqliyyat və regional təhlükəsizlik kimi geniş sahələri əhatə edir. Regionun mürəkkəb dinamikası şəraitində məhz müntəzəm dialoq və praqmatik yanaşma əməkdaşlığın işlək səviyyəsini saxlamağa və tərəflərin maraqlarını müxtəlif sahələrdə nəzərə almağa imkan verir.

Əgər Gürcüstan və Türkiyə ilə münasibətlər əsasən yüksələn xətt üzrə inkişaf edirdisə, Ermənistanla əlaqələr uzun illər Qarabağ konflikti fonunda formalaşmışdır. Bu qarşıdurma post-sovet məkanının ən mürəkkəb problemlərindən biri olmuş və milyonlarla insanın taleyinə ciddi mənfi təsir göstərmişdir. Lakin son illər iki dövlət arasında yeni bir səhifə açılmışdır. Mövcud fikir ayrılıqları və mürəkkəb danışıqlar prosesi saxlanılsa da, uzunmüddətli sülhə nail olmaq və yeni münasibətlər prinsiplərini formalaşdırmaq zərurəti daha çox vurğulanır. Bu kontekstdə humanitar və iqtisadi praktik əlaqələr də region reallığının vacib elementinə çevrilir. Məsələn, Azərbaycan artıq bəzi enerji növlərini, o cümlədən dizel yanacağını Ermənistana çatdırır ki, bu da siyasi həssaslıq şəraitində belə təmas nöqtələrinin tədricən genişləndirilməsini göstərir.

Azərbaycanın qonşularından danışarkən İranı də qeyd etməmək mümkün deyil. İki ölkə arasındakı əlaqələr dərin tarixi köklərə malikdir və əsrlər boyu formalaşmışdır. Ümumi sərhəd, ticarət əlaqələri və mədəni qarşılıqlı təsir Bakı və Tehran münasibətlərində həmişə mühüm rol oynamışdır. Amma, dövlətlər arasında olduğu kimi, müəyyən dövrlərdə mövqelər üst-üstə düşməyən məsələlər meydana çıxsa da, iqtisadiyyat, nəqliyyat və energetika sahəsində əməkdaşlıq marağı qorunub saxlanmışdır. İran regional proseslərin mühüm iştirakçısıdır və hər iki ölkənin sabit və proqnozlaşdırıla bilən münasibətləri yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın maraqlarına xidmət edir.
Müasir Azərbaycan müxtəlif dövlətlərin və beynəlxalq aktorların, o cümlədən qonşu ölkələrin və daha geniş xarici təsir mərkəzlərinin maraqlarının kəsişdiyi regiondadır. Bu şəraitdə qonşularla balanslı münasibətlər qurmaq qabiliyyəti xüsusi əhəmiyyət kəsb edir; milli maraqların və qonşuluq prinsiplərinin uyğunlaşdırılması əsasdır.

Gürcüstanla tərəfdaşlıq, Türkiyə ilə strateji ittifaq, Rusiya ilə dialoqun saxlanması, Ermənistanla davamlı sülhün axtarışı və İranla konstruktiv əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət kursunun vacib tərkib hissələridir. Bu sahələrin uğurlu inkişafı yalnız Azərbaycanın gələcəyini deyil, bütün Cənubi Qafqazın sabitliyini müəyyən edir.

P.S.

Tarix göstərir ki, güc yalnız sülhü qorumağa xidmət etdikdə əhəmiyyətlidir, onu məhv etməyə deyil. «Güclə Sülh» prinsipi münaqişəyə can atmaq yox, stabilliyi, suverenliyi və qanuni maraqları qorumağa hazır olmaq deməkdir.

Cənubi Qafqaz bu gün sabitliyə, qarşılıqlı hörmətə və yaxın qonşuluq münasibətlərinə ehtiyac duyur. Eyni zamanda, hələ də aqressiv ritorikaya üstünlük verənlər üçün, Prezident İlham Əliyevin dəmir yumruğu və Azərbaycan xalqı ölkəmizin əmin-amanlığını pozmaq istəyənlərə qarşı hər zaman qətiyyətli cavab verməyə hazırdır. Məntiqli və uzaqgörən olun, rasional davranın. Ehtiyat zabiti kimi əminliklə deyə bilərəm: sülh həmişə müharibədən qiymətlidir, lakin onu möhkəm qorumaq lazımdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti