Bakı. Trend:
"Albanian Gas Service Company" (AGSCo.) və Trans-Adriatik Boru Kəməri (TAP) konsoriumu qaz şəbəkəsinə texniki xidmətlərin göstərilməsi üzrə sazişin müddətini uzadıblar.
Trend xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika naziri Enea Karakaçi bildirib.
“Albaniyanın enerji sektoru üçün daha bir mühüm addım. Dövlət şirkəti Albgaz və SNAM tərəfindən yaradılmış konsorsium olan AGSCo. ilə TAP arasında qaz şəbəkəsinə texniki xidmətlərin davam etdirilməsi barədə sazişin imzalanması Albaniyanın bu strateji sektorda əldə etdiyi artan imkanları bir daha vurğulayır”, – deyə nazir sosial şəbəkədə yazıb.
Qeyd edək ki, AGSCo Albaniya ərazisində TAP-ın texniki xidmətinə cavabdehdir. Albaniya hökuməti AGSCo-da 75 faiz paya malikdir, qalan səhmlər isə İtaliyanın dövlət enerji infrastruktur şirkəti SNAM-a məxsusdur.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropaya nəql edir. Uzunluğu 878 km olan boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoi məntəqəsində Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan və Albaniyadan, həmçinin Adriatik dənizindən keçərək Cənubi İtaliyada quruya çıxır.
TAP mövcud və perspektiv interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü təmin edir. Boru kəməri 2022-ci ilin oktyabrında kommersiya istismarına başlayan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə birləşdirilərək Xəzər qazının Bolqarıstana çatdırılmasını təmin edir.
