Bakı. Elçin Hüseynov - Trend:
Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ölkədə ehtimal olunan dövlət çevrilişinin qarşısını almaq üçün əlavə tədbirlərə və qanuni aktlara ehtiyac duymur. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Otən gün Rusiyanın baş prokuroru Yuri Çayka Federasiya Şurasına məruzə təqdim edib. Sənədə əsasən, "sağçılar" ölkədə kütləvi iğtişaşlar yolu ilə dövlət çevrilişinə cəhdlər ediblər. O cümlədən, "sağçılar" bu əməllərini "VKontakte" sosial şəbəkəsində xüsusi xəbərlərin yayılması ilə həyata keçirməyə çalışıblar.
V.Matviyenko hesab edir ki, yaranan təhdidlərlə bağlı əlavə tədbirlərə ehtiyac duyularsa, bunu etmək olar: "Amma hazırda, mənim fikrimcə, buna ehtiyac yoxdur".
Sədrin sözlərinə görə, Rusiyada təsir qüvvəsinə malik dövlət orqanları var və lazımi normativ-hüquqi baza yaradılıb ki, ölkənin ərazi bütövlüyü və suverenliyi səmərəli şəkildə qorunsun.