Bakı. Trend:
İran Silahlı Qüvvələrinin Baş Qərargahı prezident İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc edib.
Trend-in məlumatına görə, bu barədə İranın "İRNA" dövlət agentliyi məlumat verib.
Hesabatda qeyd edilib ki, bəzi detalların öyrənilməsi üçün “daha çox vaxt” tələb olunacaq.
Məlumata görə, ilkin araşdırmalar göstərib ki, helikopter nəzərdə tutulan marşrut üzrə hərəkət edib və uçuş marşrutunu dəyişməyib. Qəzadan təxminən bir dəqiqə yarım əvvəl pilot uçuş heyətində olan digər iki helikopterlə əlaqə saxlayıb.
"Qəzaya uğrayan helikopterin qalıqlarında heç bir atəş izi və ya oxşar zədə izləri aşkar edilməyib", - deyə hesabtda qeyd olunub. Baş Qərargahdan bildirilib ki, helikopter dağla toqquşduqdan sonra yanıb. Dispetçerlərlə ekipaj arasındakı söhbətlərdə "şübhəli heç nə də müşahidə edilmədi".
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.