Bakı. Trend:
ABŞ ordusunun ötən gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bəmpur rayonuna hərbi hava hücumlarında İran ordusunun 7 hərbçisi ölüb.
Bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
İran ordusu bildirir ki, ABŞ ordusu ötən gecə Bəmpur rayonunda İran ordusunun Quru Qoşunları bazalarından birini 13 raketlə atəşə tutub. Çoxlu sayda hərbçinin öldürülməsi məqsədilə həyata keçirilən raket hücumlarına baxmayaraq, görülən tədbirlər nəticəsində itki sayının artmasının qarşısı alınıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
