Azərbycan, Bakı, 18 iyun /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycanlı taekvondoçu Fəridə Əzizova I Avropa Oyunlarında medal uğrunda mübarizə aparmaq niyyətindədir. Bu barədə Trend-ə idmançının özü deyib.
İdmançı Niderland taekvondoçusuna qarşı keçirdiyi ilk döyüşü ilə bağlı şərh verib: "İlk döyüş olduğuna görə bir az çətin idi. İdmançı isinə tam qüvvəsi ilə açıla bilmir. Doğma azarkeşlər qarşısında çıxış etmək də üzərimizə əlavə məsuliyyət qoyur. Qələbə qazandığım üçün çox şadam. ¼ final mərhələsində artıq rəqibim bəllidir. Bu Türkiyə nümayəndəsi Nur Tatardır. Əvvəlcədən nəsə deməyi xoşlamıram, ancaq qalibiyyət uğrunda mübarizə aparacağam".
F.Əzizova həmçinin yarışların təşkil olunmasına da münasibət bildirib: "Oyunların təşkili yüksək səviyyədədir. Taekvondo da daxil olmaqla, bütün idman növlərində yarışlar çox uğurla keçirilir. Təşkilatçılar əməklərini əsirgəməyiblər. Bu, I Avropa Oyunlarıdır və ölkədə taekvondo üzrə keçirilən ən böyük yarışlardır. Bu, biz taekvondoçular üçün çox əhəmiyyətli məsələdir, çünki taekvondo nisbətən yeni idman növüdür. Bu, bütün dünyaya və xüsusilə Azərbaycana taekvondonun yaxşı idman növü olduğunu nümayiş etdirməyimiz üçün yaxşı fürsətdir. Azarkeşlərin dəstəyini hiss edirik. Əsasən raundun sonlarında elə məqamlar olur ki, gücümüz qalmır, amma dəstək sədaları ikinci nəfəsin açılmasına kömək olur".