...

Ukraynada azərbaycanlı professorun yazdığı "Elm və Din" kitabı böyük marağa səbəb olub (FOTO)

Mədəniyyət Materials 19 Dekabr 2013 12:40 (UTC +04:00)
Kiyev Milli Linqivistika Universitetində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə filologiya elmləri doktoru Rafiq Novruzov və belarus alim, professor Anatoli Qirutskinin birgə qələmə aldığı “Elm və Din” kitabının təqdimat mərasimi olub.
Ukraynada azərbaycanlı professorun yazdığı "Elm və Din" kitabı böyük marağa səbəb olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Kiyev Milli Linqivistika Universitetində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə filologiya elmləri doktoru Rafiq Novruzov və belarus alim, professor Anatoli Qirutskinin birgə qələmə aldığı "Elm və Din" kitabının təqdimat mərasimi olub.

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Ukraynanın elm və təhsil xadimlərinin, diplomatların və jurnalistlərin qatıldığı təqdimat mərasimini Ukrayna Millətlər Assambleyasının prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev açaraq, Azərbaycan və Belarus alimlərinin birgə hazırladığı kitabın milliyyətindən və dinindən asılı olmayaraq hər bir insan üçün böyük maraq kəsb edəcəyini bildirib.

Elmin sərhədi olmadığı kimi, dini dəyərlər arasında da mənəvi ölçü vahidinin sonsuzluğa ünvanlandığını bildirən R.Tağıyev belə bir məsuliyyətli və çətin mövzuya müraciət edərək uğurlu nəticə əldə edən professorlar Rafiq Novruzovu və Anatoli Qirutskini elmi nailiyyətləri münasibəti ilə təbrik edib.

Mərasimdə Kiyev Milli Linqivistika Universitetinin prorektoru İrina Seryakova çıxış edərək, yüksək fəlsəfi, mənəvi fikirlərlə zəngin olan kitabı elmlə dinin vəhdət körpüsü adlandırıb, belə bir dəyərli monaqrafiyanın ali təhsil ocaqlarında tədris olunmasının vacibliyini vurğulayıb.

Tədbirə qatılanlara minnətdarlığını bildirən kitabın müəllifi, professor Rafiq Novruzov Şərqlə Qərbin təfəkkür tarixində dinlə elm arasında təzadlı fikirlərin formalaşdığını diqqətə çatdıraraq, dünyanın müxtəlif dinləri ilə elm arasındakı bağlılığa münasibətdə belaruslu alim həmkarı ilə eyni fikrə gəldiyini vurğulayıb.

R.Novruzov deyib ki, səmavi kitablar olan "Sühufu", "Tövrat", "İncil" və "Qurani Kərim"də elm insanları doğru yola və fəzilətli həyata yönəltdiyi kimi, dünyanın məşhur alimləri də Allahın varlığını və təkliyini qəbul və təsdiq etməklə kamil insan zirvəsinə yüksəlməyin yolunu elm və dinin vəhdətində görüblər.

Onun sözlərinə görə, uzun illərdən bəri üzərində çalışdıqları "Elm və Din" kitabında bu məsələlərin elmi fəlsəfi izahına nail olublar.

Maraqlı müzakirələrlə yadda qalan mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin I katibi Asim Osmanov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirov, Kiyev Milli linqivistika Universitetinin hüquq kafedrasının müdiri, professor Aleksandr Merejko, professor Sergey Fatayev, Ukrayna Yəhudi Fondunun rəhbəri Arkadiy Monastırskiy, Rus Məclisinin sədri Alla Potapova, "SOCAR Ukraine" şirkətinin nümayəndəsi Həzi Aslanov və digər elm və ictimai təşkilatların təmsilçiləri çıxış edərək, kitabın ülvi hisslərə və bəşəri duyğulara xidmət etdiyini bildiriblər. Elmi fəlsəfi dəlillərlə zəngin olan kitabın bir çox dillərə tərcümə olunmasının vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti