...

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” keçirilib

Mədəniyyət Materials 26 Noyabr 2019 00:28 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” adlı tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” keçirilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan Dizayn Forumu 2019” adlı tədbir keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “Azerbaijan Digital Arts School” (ADAS) və “Graphic Design Azerbaijan” (GDAZ) qrupunun təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirin aparıcısı, “Baku Bloggers School”un təsisçisi Yelena Sidorenko forum haqqında məlumat verdi. Bildirdi ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycan fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq və bu məsələlərdə ən innovativ yanaşmaları bölüşməkdir.

Tədbir çərçivəsində həmçinin Bakı şəhərinin bu yaxınlarda UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinin əhəmiyyətindən söz açıldı, eləcə də Azərbaycan Dizayn Şurasının yaradılması məsələsi müzakirə olundu.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini-Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək bildirdi ki, Bakı səhərinin UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir: "Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır".

Şöbə müdirinin sözlərinə görə, şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir. Burada əsas məqsəd inkluziv şəhərsalmanın şərtlərinə əməl etməkdir. Hesab edirik ki, bu sahədə görülən işlərdə mərkəzi icra hakimiyyəti orqanları da xüsusi rol oynayacaq. Bu tarixi hadisə münasibətilə şəhərin brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq. Bu da ölkəmizə turist axınının artmasına ciddi təsir göstərəcək. Gələcəkdə Bakıda kreativ mərkəzin formalaşdırılmasına çalışacağıq. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək”.

Daha sonra tanınmış şirkətlərin təmsilçiləri , qrafik dizaynerlər, reklam sahəsi üzrə mütəxəssislər çıxış edərək fikirlərini bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Dizayn Forumu (Azerbaijan Design Forum) 2015-ci ildən ölkənin dizayn sahəsində keçirilən ilk forum olaraq, hər il ətrafında bu sferada çalışan insanları toplayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti