Azərbaycan, Bakı, 14 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçki məntəqələrində asılan siyahılarda seçicilərin ünvanlarının göstərilməsinin əleyhinə çıxıb. "Dünyanın heç bir ölkəsində məntəqələrdə asılan seçici siyahılarında vətəndaşların ünvanları göstərilmir. Beynəlxalq təşkilatların bu məsələdə Azərbaycana təkid göstərməsi başa düşülən deyil", çərşənbə günü Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının iclasında Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı layihənin müzakirəsində MSK sədri Məzahir Pənahov bildirib.
Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, seçkilərdə məntəqələrdə asılacaq seçici siyahılarında vətəndaşların ünvanları göstərilməlidir.
Məcəllənin əvvəlki variantında seçkilərdə məntəqələrdə asılacaq seçici siyahılarında vətəndaşların ünvanları göstərilmirdi. Vətəndaşların ünvanları yalnız seçki məntəqəsinin üzvlərində olan seçici siyahılarında qeyd olunurdu.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
İclasda çıxış edən Milli Məclisin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova da deyib ki, seçki məntəqələrində asılan seçici siyahılarında vətəndaşların ünvanlarının göstərilməsi insan haqlarının pozulmasıdır. Onun sözlərinə görə, vətəndaşlarla bağlı məlumatların ictimailəşməsi beynəlxalq hüquqa ziddir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]