Azərbaycan, Lənkəran, 09 iyun / Trend , müxbir P.Əliyeva /
Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda (paytaxt Bakıdan 220 kilometr aralı) vətəndaşların 2,5 milyon dollar məbləğində pulunu mənimsəyən dəstə zərərsizləşdirilib.
Masallı Rayon Polis Şöbəsinin rəisi Ədalət Səfərov Trend -a bildirib ki, Masallı rayonunun Əhmədli kənd sakini, 44 yaşlı Saleh Xəyal oğlu İsmayılov qeyri-rəsmi nikahda olduğu Bakı şəhər sakini Dilarə Əli qızı İmanova ilə birlikdə 50-dən çox vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda pul vəsaitini mənimsəyib.
İlkin hesablamalardan bu şəxslərin mənimsədikləri pul vəsaitinin ümumi miqdarının 2,5 milyon ABŞ dollarından da çox təşkil etdiyi məlum olub.
Özlərini iş adamı kimi təqdim edən dəstənin üzvləri maşın və ev almaq istəyən vətəndaşları şirnikləndirərək satış qiymətindən aşağı qiymətə almaq bəhanəsi ilə saxta bank əməliyyatı apararaq küllü miqdarda vəsait əldə ediblər.
İlk olaraq aldadıldığı barədə polisə məlumat verən Masallı rayon sakini Alışov Nizami İsgəndər oğlu olub.
İdarədən bildirilib ki, cinayətkar dəstəyə bir sıra bankların əməkdaşları da yardımçı olub. Bu iş üzrə zərərçəkənlərin sayının artması istisna olunmur.
Hər iki təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs olunub və onlar barəsində Polis İdarəsində Cinayət Məcəlləsinin dələduzluq (178.2.1, 178.2.2 və 178.3.2 ) maddələri ilə cinayət işi açılıb, istintaq gedir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]