Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir S.Ağayeva/
Azərbaycan ABŞ ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə növbəti dialoqun yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
"Təhlükəsizliyə dair məsələlər sahəsinə beynəlxalq təhlükəsizlik, Avroatlantik əməkdaşlıq, terrorizmlə mübarizədə əməkdaşlıq, Azərbaycandakı enerji infrastrukturlarının təhlükəsizliyi daxildir. Hər iki tərəf bütün bu məsələlər üzrə gələcəkdə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə ediblər", - Əzimov deyib.
Onun sözlərinə görə, danışıqların növbəti mərhələsi gələn il Vaşinqtonda keçiriləcək. Nazir müavini Azərbaycan-ABŞ hərbi təlimlərinin tarixinin dəyişdirilməsi barədə suala cavab verərkən deyib ki, bu təlimlər texniki səbəblər üzündən başqa vaxta keçirilib və bu təlimlərin yaxın vaxtlarda keçirilməsi mümkündür.
Nazir müavininin sözlərinə görə, habelə azərbaycanlı hərbçilər yaxın vaxtlarda amerikalı hərbçilərlə birgə bir sıra irimiqyaslı təlimlərdə iştirak edəcəklər.
Bakıdakı ikitərəfli dialoq zamanı tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti, eləcə də orada əlavə olaraq yerləşdirilən ABŞ Silahlı Qüvvələrinin çıxarılmasından sonra vəziyyətin inkişaf perspektivlərini müzakirə ediblər. "İslam dövləti kimi Azərbaycan sabitliyin bərpası üçün gələcəkdə də Əfqanıstana kömək etməyə hazırdır", - Əzimov bildirib.