...

Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Siyasət Materials 27 Sentyabr 2012 11:25 (UTC +04:00)
Bakıda cümə axşamı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə "Körpülərin salınması" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda cümə axşamı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Avropa Məsələləri üzrə İnstitutun (İNEA) təşkilatçılığı ilə "Körpülərin salınması" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, konfransın açılışında çıxış edən AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və bu istiqamətdə böyük inkişaf yolu keçib.

O bildirib ki, Azərbaycan və Avropa arasında inkişaf körpülərinin salınmasına 20 ildir ki, həll olunmamış qalan Dağlıq Qarabağ münaqişəsi mane olur.

Süleymanov deyib ki, Avropanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar bu münaqişənin həllinə ikili standartlardan yanaşır.

"Təbii ki, bu da Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qanunlar və qətnamələr hələ kağız üzərində qalır", - Süleymanov bildirib.

Millət vəkili çıxışında Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Ermənistan tərəfinin və bir sıra Avropa ölkələrinin haqsız narahatçılığına münasibətini açıqlayıb. "Bir daha bəyan edirik ki, Ramil Səfərovun azadlığa buraxılması beynəlxalq hüquq normaları və sənədləri çərçivəsində baş tutub", - o, deyib.

Süleymanov çıxışında bildirib ki, Qafqaz regionunda Azərbaycanın əhəmiyyəti Avropa üçün unikaldır. "Avropaya yönəlik siyasət Azərbaycanın milli xarici siyasətinin əsas sütunlarından biri olduğuna görə, son illərdə ölkəmiz Avropa İttifaqı üçün də ən etibarlı tərəfdaşlardan biri olub", - Süleymanov deyib.

Daha sonra çıxış edən Almaniyanın keçmiş dövlət naziri, İNEA sədri Qramke Yurgen bildirib ki, Avropa Azərbaycan haqqında çox az məlumata malikdir. Onun sözlərinə görə, məhz bu səbəbdən onlar AVCİYA ilə "Körpülərin salınması" adlı beynəlxalq konfransı təşkil ediblər.

"Məqsədimiz Azərbaycanın, həmçinin Avropa İttifaqının yüksək rütbəli şəxslərinin bu mövzuda qarşılıqlı görüşü və fikir mübadiləsi aparmaları, gələcək perspektivlərə dair dərin məlumatların, faydalı təcrübənin bir-birinə ötürülməsi və toplanmasını təmin etməkdir. Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara Dəniz regionu Avropanın gələcək siyasi və iqtisadi regionları sırasına daxildir. Burada yalnız neft və qaz nəzərdə tutulmur. Bu ölkələr özlərinin iqtisadi artımını geniş baza əsasında qurmaq istəyirlər və qurmalıdırlar. Bütün Avropa İttifaqı ölkələri bu sahədə maraqlıdırlar. Bu, Azərbaycanın Avropa Qonşuluq Siyasəti, sabitlik və təhlükəsizlik siyasətində əməkdaşlığı üçün vacibdir", - Yurqen əlavə edib.

Xəbər lenti

Xəbər lenti