...

Hamı buradadır, heç yerə getmək fikrimiz yoxdur - Şuşada keçirilən aksiya iştirakçısı (VİDEO)

Siyasət Materials 12 Dekabr 2022 19:57 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Hamı buradadır, heç yerə getmək kimi bir fikrimiz yoxdur - sabah, o biri gün, 10 gündən sonra...

Bunu bu gün Şuşada keçirilən aksiyada iştirak edən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas Trend-in müxbirinə deyib.

"Mən özüm qarabağlıyam, Bakıda yaşayıram. Azərbaycanın göz bəbəyi olan Qarabağda baş verən hadisələr bizi buralara qədər gəlməyə məcbur elədi. Bir qrup qeyri-hökumət təşkilatı sədrləri, gənclər və yerli əhali, yəni Şuşada yaşayan insanlar bu axşam buradadırlar. Biz artıq 10 saatdan çoxdur buradayıq. Bildiyimizə görə, Qızılağac və Dəmirli kəndləri ərazisində yerləşən yeraltı və yerüstü sərvətlərimiz ermənilər tərəfindən vəhşicəsinə talanır. Bu talana şərait yaradan rusiyalı sülhəramlıların rəhbəri Volkovdur. Biz də burada ona görə yığışmışıq ki, Volkov gəlsin, bu məsələyə bir aydınlıq gətirsin", - deyə o bildirib.

R.Abbas qeyd edib ki, ekoloqlarımızın Azərbaycan ərazilərini yoxlamaq, dəyən zərərləri araşdırmaq ixtiyarları var. Bunlardan əlavə, hansı yeraltı və yerüstü sərvətlər var, onlar pasportlaşdırılmalıdır: "Bütün bunların monitorinq edilməsinə isə Rusiya sülhməramlıları imkan vermir. Vətənin hər daşı bizim üçün əzizdir, Vətənin hər guşəsi bizim göz bəbəyimizdir. Onsuz da Ermənistan uzun illər ərzində Vətənimizin yeraltı və yerüstü mənbələrini talan edib. Ocaq qalamışıq, özümüzə çadır qurmuşuq, bayrağımızı da asdıq və xəbərdarlıq elədik ki, bu bayraq ikinci dəfə oradan çıxarılarsa, sizinlə beynəlxalq məhkəmədə görüşəcəyik. Hamı buradadır, heç yerə getmək kimi bir fikrimiz yoxdur - sabah, o biri gün, 10 gündən sonra...".

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti