Bakı. Trend:
Cari ilin 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilməsi tarixi bir hadisədir və bütün Azərbaycan xalqının sevincinə və marağına səbəb oldu.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin övladları və ailə üzvlərinin də iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırırdı.
“Futbol matçının Xankəndidə keçirilməsinin həm də böyük rəmzi mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır və bu yarışın keçirilməsi həm də bütün dünyaya bir mesaj idi. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri və cari ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri ilə bütün ərazilərimizdə, o cümlədən Xankəndidə separatizmin kökünü birdəfəlik kəsdi. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri Azərbaycan xalqıdır”, - deyə deputat əlavə edib.
Deputat bildirib ki, ermənilər 30 il ərzində torpaqlarımızı işğal altında saxlayaraq viran qoymuşdular.
“Azərbaycan müharibədən sonra dərhal ərazilərimizin bərpa və yenidənqurulmasına başladı. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi stadionu cəmi iki ay ərzində yenidən inşa edildi əsaslı təmir olundu. Separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı.
“Qarabağ” və Bakının MOİK oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması böyük rəmzi məna daşıyır. Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları tarixi Zəfərimiz ilə bundan sonra əbədi fəxr edəcəklər”, - deyə A.Həsənova əlavə edib.