Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bütün seçki dairələrinin ərazisində deputat köməkçiləri üçün otaqlar tikiləcək. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov məlumat verib.
Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli bildirib ki, millət vəkili seçildiyi Xətai rayonunun 34 saylı seçki dairəsinin ərazisində onun köməkçisinə otaq verilmir. Deputat qeyd edib ki, bu səbəbdən də seçiciləri ilə yaxından əlaqə qura bilmir.
"Bununla bağlı Xətai rayon İcra Hakimiyyətinə və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmişdim. Hər iki qurumdan mənə bildiriblər ki, Xətai rayon ərazisində satılmamış bir dənə də olsun yer yoxdur. Ona görə də deputatın köməkçisinə veriləcək yerimiz yoxdur. Köməkçi isə bildirir ki, mən belə şəraitdə işləyə bilmirəm", -deyə Nəsibli vurğulayıb.
Spiker Oqtay Əsədov buna cavab olaraq bildirib ki, Milli Məclis deputat köməkçiləri və deputatların özləri üçün nəzərdə tutulan yerin ayrılması məsələsini birdəfəlik həll etmək istəyir: "Hazırda bu istiqamətdə iş aparılır. İcra hakimiyyətləri ilə danışıqlar gedir. Hər bir seçki dairəsinin ərazisində deputat otaqları tikiləcək. Biz bu məsələni birdəfəlik həll etmək istəyirik. Tikiləcək otaqlar təkcə üçüncü çağırış Milli Məclisin deputatları deyil, bundan sonra da millət vəkili seçiləcək şəxslər üçün də nəzərdə tutulub".
Bu ildən etibarən ilk dəfə olaraq Azərbaycanda deputatlara köməkçilər təyin olunub. Köməkçilər deputatın seçildiyi seçki dairəsinin ərazisində ayrılan otaqlarda fəaliyyət göstərəcəklər. Deputat köməkçiləri dövlət qulluqçusu hesab olunurlar.