...

Azərbaycan Prezidenti İlham Əliyevin son sərəncamları mətbuatın inkişafında yeni mərhələ açacaq – mətbuat işçiləri

Cəmiyyət Materials 24 İyul 2010 18:37 (UTC +04:00)
Azərbaycan mətbuatının inkişafında yeni mərhələ açmaqda Prezident İlham Əliyevin sərəncamları əhəmiyyətli rol oynayacaq. Bu barədə şənbə Günü Trend-ə Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş jurnalist, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin son sərəncamları mətbuatın inkişafında yeni mərhələ açacaq – mətbuat işçiləri

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan mətbuatının inkişafında yeni mərhələ açmaqda Prezident İlham Əliyevin sərəncamları əhəmiyyətli rol oynayacaq. Bu barədə şənbə Günü Trend-ə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş jurnalist, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.

"Prezidentin son günlər mətbuatla bağlı imzaladığı fərmanların hər biri əhəmiyyətlidir. Yəni jurnalistlərin təltif olunması, mətbuata birdəfəlik yardım göstərilməsi və jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı maddi vəsaitin ayrılması çox əhəmiyyətlidir." - Quliyev əlavə edib.

Azərbaycan Milli Mətbuatının 135-ci il dönümü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev "Mətbuat işçilərinə fəxri adların verilməsi" haqqında, "Kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi" haqqında, "Mətbuat işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi" haqqında, "Mətbuat işçilərinə fəxri adların verilməsi" haqqında və "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri" haqqında sərəncamlar imzalayıb.

Quliyev bildirib ki, imzalanan sərəncamlar jurnalist peşəkarlığının artmasına da kömək edəcək: "Bizi indiyə qədər narahat edən əsas iki məsələnin yüngülləşməsi və yumşalmasında bu fərmanların böyük rolu var. Bu məsələlərdən biri jurnalistlərin və redaksiyaların maddi- texniki və sosial vəziyyətinin yaxşılaşması, ikincisi isə jurnalistlərin peşəkarlıq səviyyəsinin yaxşılaşmasıdır. Jurnalistlər arasında rəqabətin güclənməsi məsələsində də imzalanan sərəncamlar mühüm rol oynayacaq." - Quliyev deyib. 

Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı alan "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Prezidentə təşəkkürünü bildirib. 

"Prezident İlham Əliyevin sərəncamları sübut edir ki, Azərbaycan dövləti mətbuata onun baxışlarından, hansı spektrdə fəaliyyət göstərməsindən asılı olmayaraq eyni müstəvidən yanaşır və mətbuatın milli ənənələr üzərində foralaşmasında maraqlıdır." - Mirzəbəyli əlavə edib.

Mirzəbəylinin sözlərinə görəAzərbaycan mətbuatının inkişafı ilə bağlı proses yeni başlamayıb.

"Artıq uzun müddətdir ki, müəyyən konsepsiya əsasında bir sıra işlər həyata keçirilir. Bu həm Azərbaycan mətbuatının inkişafı konsepsiyasının qəbul olunması ilə bağlı Cənab Prezidentin sərəncamında, həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncamında özünü göstərir. Azərbaycan mətbuatının 135 illiyi ilə bağlı verilən sərəncalar Azərbaycan mətbuatının inkişafına xidmət edən kifayət qədər mühüm və əhəmiyyətli addımlardır.Bu həm Azərbaycan cəmiyyəti, həm də mətbuat orqanları üçün önəmli bir mesajdır. Mən hesab edirəm ki, Azərbaycan mətbuatı da dövlətin bu mesajlarını, çağırışlarını düzgün qiymətləndirəcək və mətbuatımızın milli ənənələr üzərində inkişafı üçün daha ciddi addımlar atacaq." - Mirzəbəyli deyib.

Prezidentin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülən "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, Prezident mətbuata daim qayğı göstərir.

"Mətbuat onun daim diqqət mərkəzindədir və hər zaman mətbuata yardım göstərir. Bilirsiniz ki, jurnalistlərin ev problemlərinin həll olunması üçün sərəncam da imzalayıb. Bu o deməkdir ki, mətbuat dövlət qayğısından kənarda deyil və həmişə Prezidentin diqqət mərkəzindədir. Biz buna yalnız təşəkkürümüzü bildirə bilərik. Mən düşünürəm ki, bu tədbirlərdən sonra jurnalistlərin, mətbuat işçilərinin dövlətə bağlılığı daha çox artacaq." - Oğuz əlavə edib.

Xəbər lenti

Xəbər lenti