...

Azərbaycanda "yol terroru"nun əksəriyyəti piyadaların vurulması ilə bağlıdır

Cəmiyyət Materials 15 May 2013 14:44 (UTC +04:00)
Bu il yanvarın 1-dən mayın 1-dək respublikada baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti, yəni 39,6 faizi piyadaların vurulması ilə müşayiət olunub.
Azərbaycanda "yol terroru"nun əksəriyyəti piyadaların vurulması ilə bağlıdır

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

Bu il yanvarın 1-dən mayın 1-dək respublikada baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti, yəni 39,6 faizi piyadaların vurulması ilə müşayiət olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, bu ilin ilk 4 ayı ərzində avtomobillər tərəfindən piyadaların vurulması ilə bağlı 358 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 122 nəfər ölüb, 276 nəfər xəsarət alıb.

Əliyev onu da qeyd edib ki, 51 halda yol-nəqliyyat hadisələri piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib. Həmin hadisələr zamanı 13 nəfər ölüb, 43 nəfər xəsarət alıb. Ölən və xəsarət alanlardan hərəsindən 1 nəfər olmaqla yol-hərəkət qaydalarını sərxoş halda pozublar.

Baş vermiş yol-nəqliyyat hadisələri içində ikinci yerdə nəqliyyat vasitələrinin toqquşması durur (34,8 faiz). Avtomobilllərin toqquşması ilə müşayiət olunan 315 hadisə zamanı 122 nəfər ölüb, 459 nəfər yaralanıb.

Sürət həddinin aşılması (30,4 faiz), eləcə də ötmə qaydalarının pozulması (29,7 faiz) da baş vermiş qəzaların içində böyük "pay" sahibidirlər. Sürət həddinin aşılması səbəbindən baş vermiş 275 qəza zamanı 128 nəfər ölüb, 238 nəfər xəsarət alıb, ötmə qaydalarının pozulması üzünüdən baş verən 269 qəza zamanı isə 112 nəfər ölüb, 376 nəfər yaralanıb.

Avtomobilin sürücüsünün sükan arxasında yatması səbəbindən 9 yol-nəqliyyat hadisəsi baş verib ki, bu zaman 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Avtomobilin sərxoş halda idarə edilməsi zamanı isə 25 qəza baş verib. Nəticədə 14 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu ilin ilk dörd ayında Azərbaycanın avtomobil yollarında 904 yol-nəqliyyat hadisəsi (339 ölüm, 983 xəsarət) baş verib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda yol qəzalarının sayı artıb. Belə ki, yol-nəqliyyat hadisələri 20 faiz, ölüm halları 56 faiz, xəsarət alanların sayı isə 16 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti