Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test bankının çeşid və keyfiyyət baxımdan yeni test tapşırıqları ilə zənginləşdirilməsi işləri davam etdirilib.
Komissiyadan Trend-ə bildiriblər ki, ekspertlər tərəfindən əsasən bütün imtahan blokları (Məntiqi düşünmə qabiliyyətinin müəyyənləşdirilməsi, İnformasiya texnolgiyaları, Qanunvericilik və Dünyagörüşü) üzrə yeni tipli test tapşırıqları tərtib edilərək ekspertizadan keçirilib və test bankına daxil edilib. Tərtib edilən yeni test tapşırıqlarında namizədlərin düşünmə və analitik təhlil etmək qabiliyyətlərinin müəyyənləşdirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. İl ərzində test bankına 2034, o cümlədən "Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və azərbaycan dili" bloku üzrə - 886, "Qanunvericilik" bloku üzrə - 260, "İnformasiya texnologiyaları" bloku üzrə - 30 və "Məntiqi düşüncə qabiliyyəti" bloku üzrə isə - 858 test tapşırığı əlavə edilib. Yeni test tapşırıqlarının hazırlanması və ekspertizası üçün ümumilikdə 20 ekspert cəlb edilib. Hazırda test bankında 16 mindən çox test tapşırığı var.
Azərbaycan Respublikasında "e-hökumət"in qurulması və vətəndaşlara göstərilən elektron xidmətlərin əhatə dairəsinin və keyfiyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən dövlət siyasəti çərçivəsində vətəndaşların dövlət qulluğuna qəbulu zamanı test imtahanı proqramı üzrə daha yaxşı hazırlaşmaları və bu sahədə əldə etdikləri bilikləri yoxlamaları üçün 2014-cü ildə də onlayn sınaq test imtahanlarının keçirilməsi davam etdirilib. İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar üçün nəzərdə tutulan xidmət artıq "Elektron hökumət" portalına inteqrasiya edilib. Xidmətin göstərilməsi nəticəsində vətəndaş öz biliklərini sınaq qaydasında yoxlayır və imtahanının nəticəsi barədə arayış əldə edir. Ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən bu elektron xidmətdən elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə istifadə etmək olar. Hazırda sınaq imtahanları 5, 6 və 7-ci təsnifatların xüsusiyyətləri nəzərə alınaraq həyata keçirilir. Gələcəkdə sınaq test imtahanı variantlarının sayının artırılması nəzərdə tutulur.
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"ya uyğun olaraq yeni test tapşırıqları hazırlanaraq ekspertizadan keçirilib və test bankına daxil edilib. 2015-ci ildə də test bankının yeni test tapşırıqları ilə zənginləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.