...

Dövlət qulluğuna qəbul olunmaq istəyənlərə yeni bir imkan

Cəmiyyət Materials 18 May 2015 11:48 (UTC +04:00)
Dövlət qulluğuna qəbulla bağlı test imtahanları mayın 22-dən başlayır
Dövlət qulluğuna qəbul olunmaq istəyənlərə yeni bir imkan

Azərbaycan, Bakı, 18 may /Trend/

Dövlət qulluğuna qəbulla bağlı test imtahanları mayın 22-dən başlayır.

Aprelin 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 212 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqə üzrə namizədlərin qeydə alınması mayın 14-də başa çatıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə üzrə 2849 namizəd qeydiyyatdan keçib. Ən çox namizəd qeydə alınan dövlət orqanları Kənd Təsərrüfatı Nazirliyi (956 nəfər), Dövlət Statistika Komitəsi (588 nəfər), Gənclər və İdman Nazirliyi (287 nəfər), Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi (229 nəfər) və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (108 nəfər) olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üzrə (2 vakant yerə ortalama 229 nəfər) qeydə alınıb.

Müsabiqənin test imtahanı mərhələsi mayın 22-də ilk olaraq Kənd Təsərrüfatı Nazirliyi üzrə başlayır. Test imtahanlarının keçirilmə ardıcıllığı ilkin mərhələdə inzibati vəzifələrin 5-ci təsnifatları üzrə, sonrakı mərhələdə isə inzibati vəzifələrin 6-7-ci təsnifatı üzrə nəzərdə tutulub. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndəriləcək.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:

1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti