...

Bəhram Xəlilov: Dövlət qulluğu sahəsində islahatlar məsələsində böyük problemlər var (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 9 İyul 2015 11:11 (UTC +04:00)
Azərbaycan dövlət qulluğuna qəbulda öz modelini yaradıb.
Bəhram Xəlilov: Dövlət qulluğu sahəsində islahatlar məsələsində böyük problemlər var (ƏLAVƏ OLUNUB)

İlk xəbər 10:51-də yayılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan dövlət qulluğuna qəbulda öz modelini yaradıb. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bu gün Bakıda "Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

B.Xəlilovun sözlərinə görə, konfransın keçirilməsində məqsəd dövlət idarəçiliyi sistemində aparılan islahatlar nəticəsində dövlət qulluqçularının peşəkarlığının arıtırılması sahəsində əldə olunan təcrübənin mübadiləsidir.

Komissiya sədri qeyd edib ki, Azərbaycan dövlət idarəçiliyi sahəsində islahatlar məsələsinə çox böyük önəm verir: "Azərbaycanda bu istiqamətdə iş aparılır. Bu işi davam və inkişaf etdərəcəyik. Baxmayaraq ki, bu məsələdə böyük problemlər var. Dövlət qulluğu sahəsində islahatlar həmişə müəyyən problemlərlə qarşılaşır. Biz buna hazır olmalıyıq".

XXX

Bəhram Xəlilov bildirib ki, elə dövlət orqanları var ki, il ərzində heç bir etik davranış qaydalarının pozulmadığını deyirlər, biz buna şübhə ilə yanaşırıq.

Komissiya sədri hansı dövlət qurumlarında etik qaydaların pozulmasını açıqlamaq istəməsə də qeyd edib ki, onlar dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına dair məlumatları təqdim edən dövlət qurumlarını dəstəkləyirlər: "O qurumlardan ki, bizə etik davranış qaydalarının pozulması ilə bağlı məlumatlar daxil olur, biz onları dəstəkləyirik. Bu onu göstərir ki, etik davranış qaydalarının pozulmasının aradan qaldırılması üçün iş aparılır. KİV-lərdən də xahiş edirəm ki, pozulma halları ilə bağlı məlumatları neqativ şəkildə verməsinlər.

B.Xəlilov belə halların ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rast gəlinməsinə də münasibət bildirib: "Bunun əsas səbəbi odur ki, ən çox dövlət qulluqçusu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır. Demək olar ki, dövlət qulluqçularının 15-20 faizinə yaxını bu qurumdadır. Təbii ki, nazirlikdə yeni rəhbərlik var, bu hallara qarşı mübarizə aparılır. Dövlət orqanları bizə obyektiv məlumat verəndə, onları gizlətməyəndə buna pozitiv yanaşırıq".

Komissiya sədri çıxışında onu da deyib ki, Azərbaycanda dövlət qulluğu sahəsində əksər neqativ halların qarşısı alınıb və artıq şəffaflıq təmin edilib: "Biz eyni zamanda, 2014-cü ildən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparırıq. Baxmayaraq ki, burada müəyyən problemlər var. Belə görüşlər həm bizim üçün, həm də bizim qonaqlar üçün çox faydalı olacaq. Bu konfransda bizim yeni qonaqlarımız var. Konfransın təşkilində göstərdiyi dəstəyə görə, Avropa İttifaqına öz təşəkkürümü bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti