...

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqə üzrə qeydiyyat başa çatıb

Cəmiyyət Materials 10 Mart 2016 11:19 (UTC +04:00)
2016-cı il fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması martın 9-da başa çatıb.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiqə üzrə qeydiyyat başa çatıb

Bakı. Trend:

2016-cı il fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması martın 9-da başa çatıb.

Bu barədə Trend-ə Komissiyadan məlumat verilib.

Müsabiqə üzrə 2687 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 92.18%-i Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Məlumatların beynəlxalq mübadiləsi sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (158 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Ətraf mühit statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (143 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Energetika statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (139 namizəd) və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (111 namizəd) olub.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək.

Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər https://www.youtube.com/watch?v=dBFmAaPYUAA ünvanda tanış ola bilərlər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;
- qanunvericilik sahəsində - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (http://dqmk.gov.az/index.php/home/post/1270 ) yerləşdirilib.

Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti