...

Dövlət qulluğunda çalışmaq istəyənlər üçün yeni fürsət

Cəmiyyət Materials 11 Mart 2016 12:25 (UTC +04:00)
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib.
Dövlət qulluğunda çalışmaq istəyənlər üçün yeni fürsət

Bakı. Trend:

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən martın 11-də 71 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 319 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 36 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.

Bu barədə Trend-ə Komissiyadan məlumat verilib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 174-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 144-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələri mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən - test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;
- qanunvericilik sahəsi üzrə - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsi üzrə - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə - 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 11 mart 2016-cı il tarixdən 11 aprel 2016-cı il tarixdə saat 18:00-dək Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər.

Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 11 mart 2016-cı il tarixdən 30 mart 2016-cı il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat "Respublika" qəzetinin 11 mart 2016-cı il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.csc.gov.az verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti