...

Aydan Rzayeva: "Azərbaycan-Avstraliya əlaqələrinin inkişafı üçün böyük potensial var"

Cəmiyyət Materials 14 İyun 2016 20:50 (UTC +04:00)
Hər dəfə Vətənə gəldikdə dinamik inkişaf edən Azərbaycanı, daha da gözəlləşən Bakını görürük.
Aydan Rzayeva: "Azərbaycan-Avstraliya əlaqələrinin inkişafı üçün böyük potensial var"

Bakı. Trend:

İyunun 3-4-də Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı mühüm məqamlarla yadda qaldı. İlk növbədə, bu qurultay dünya azərbaycanlılarının həmrəyliyinin və azərbaycançılıq məfkurəsi ətrafında birləşmələrinin, onların tarixi vətənlərinə dərindən bağlılığının növbəti təsdiqi oldu. Digər tərəfdən, bu möhtəşəm tədbir xaricdəki azərbaycanlıların getdikcə daha sıx təşkilatlanmalarını, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, ən əsası, Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti həyata keçirdiyini göstərdi.

Avstraliyadakı diasporumuzun fəallarından biri, Prezident İlham Əliyevin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının bu ölkədə fəxri konsulu təyin edilmiş Aydan Rzayeva ilə müsahibəmiz də Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlıdır.

Hər dəfə Vətənə gəldikdə dinamik inkişaf edən Azərbaycanı, daha da gözəlləşən Bakını görürük

- Aydan xanım, Dünya Azərbaycanlılarının IV Qurultayının nəticələri barədə nə deyə bilərsiniz və ümumiyyətlə, bu qurultay xaricdəki soydaşlarımızın diaspor fəaliyyətinə bundan sonra nə kimi töhfələr verəcək?

- Artıq 23 ildir Avstraliyada yaşayan hər bir azərbaycanlı kimi mən də bu qurultayın keçirilməsini çox səbirsizliklə gözləyirdim. Çox sevinirəm ki, dəvət olundum və böyük qürurla, fəxrlə bu tədbirdə iştirak etdim. Hər dəfə Vətənimə gələndə tamamilə başqa - daha inkişaf edən Azərbaycanı, daha da gözəlləşən Bakını görürəm. Ötən 23 ildə Azərbaycanın müstəqilliyi nəinki möhkəmlənib, həm də tarixi vətənimiz sürətlə inkişaf edib. İnanın ki, Bakı öz gözəlliyi, möhtəşəmliyi, sürətli yüksəlişi ilə inkişaf etmiş ölkələrin şəhərləri ilə müqayisə oluna bilər. Şəhərdə hara getsən insanların çöhrəsində təbəssüm görmək olar.

Dünya Azərbaycanlılarının IV Qurultayı isə bu tədbirdə iştirak etmiş hər bir azərbaycanlı və diaspor təmsilçisi üçün böyük hadisə idi. Xaricdəki soydaşlarımızın vəziyyətinin öyrənilməsi, görülmüş işlərin təhlili, yeni prioritetlərin, vəzifələrin müəyyən edilməsi, diaspor təşkilatları ilə Azərbaycanın aidiyyəti dövlət qurumlarının əlaqələrinin koordinasiyası baxımından belə qurultayların keçirilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, indiyədək keçirilmiş hər bir qurultay milli həmrəyliyimizi nümayiş etdirib. Bu kimi tədbirlər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin müstəqil respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsinə, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunmasına, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsinə və əlaqələndirilməsinə böyük töhfələr verir.

Bu mənada IV qurultay müstəqil Azərbaycanın və eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultayda ən yaddaqalan məqam isə Prezident İlham Əliyevin proqram xarakterli çıxışı oldu. Cənab Prezident dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımızın daha sıx təşkilatlanması, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, ölkəmiz barədə həqiqətlərin daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı tövsiyələrini verdi.

IV qurultay xaricdəki bütün Azərbaycan diaspor təşkilatları qarşısında yeni vəzifələr qoyub. Çünki cənab Prezident öz çıxışında bizə fəaliyyət istiqamətləri verdi, nə etməli olduğumuzu söylədi. Biz də öz fəaliyyətimizdə qarşıya qoyulan məsələləri əsas götürməli, yaşadığımız ölkələrdə Azərbaycan üçün hər bir taleyüklü məsələ ilə bağlı daha da fəallıq göstərməliyik. Hesab edirəm ki, bu qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyəti daha da canlanacaq, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində indikindən də aktiv fəaliyyət göstərəcəklər.

Azərbaycan haqqında bütün həqiqətləri artıq Avstraliyada bilirlər

- Bəs yaşadığınız Avstraliyada soydaşlarımızın diaspor fəaliyyəti ilə bağlı vəziyyət necədir? Azərbaycanlılar bu ölkənin siyasi-ictimai həyatında fəallıq göstərə bilirlərmi?

- Bildiyiniz kimi, Avstraliya Azərbaycanla coğrafi baxımdan kifayət qədər uzaqda yerləşir. Uzaq olmasına baxmayaraq, bu ölkədə təxminən 10 minə yaxın azərbaycanlı yaşayır. Azərbaycan diasporunun Avstraliyadakı fəaliyyəti son dövrlərdə daha fəal hiss olunmaqdadır. Xüsusən qeyd etdiyim kimi, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Azərbaycan dövlətinin diaspor siyasəti buna təkan verib. Mənim təmsil olunduğum Avstraliya-Azərbaycan Dostluq Assosiasiyası isə Pert şəhərində fəaliyyət göstərir. Avstraliyanın bu bölgəsində Azərbaycanla bağlı məlumat çox az idi. Amma biz son illərdə bu sahədə xeyli iş görmüşük.

Azərbaycanın bütün dövlət və milli bayramlarında, o cümlədən 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümlərində Avstraliya-Azərbaycan Dostluq Assosiasiyası Pert və digər şəhərlərdə geniş tədbirlər təşkil edir. Xüsusilə qeyd etmək istəyirəm ki, assosiasiyanın fəaliyyətinə Avstraliya parlamentinin deputatları da dəstək verirlər. Onlar bizim tədbirlərimizdə yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin Avstraliyada yayılmasında bizə yaxından dəstək verirlər. Məsələn, bu il fevralın 26-da Xocalı soyqırımı haqqında ictimaiyyətə dolğun məlumatları çatdırmaq məqsədilə Pert şəhərindəki Hilton mehmanxanasında geniş tədbir təşkil etmişdik. Bu tədbir ictimaiyyət tərəfindən maraqla izlənildi.

Azərbaycanın milli bayramı 28 May - Respublika Günü ilə də bağlı Pert şəhərində assosiasiyanın təşkilatçılığı ilə təntənəli tədbir keçirdik. Bizim üçün fərəhli idi ki, bu tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev və Asim Mollazadə, o cümlədən dostumuz - Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Lyuk Simpkins iştirak edirdilər. Avstraliyanın dövlət və hökumət rəsmilərinin, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin, türk, yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı, həmçinin ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyətləri, müstəqil Azərbaycanın inkişafı yolunda gördükləri işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi haqqında məlumatlar verildi. Azərbaycan haqqında sənədli film nümayiş olundu, iştirakçılara Azərbaycan həqiqətlərini əks etdirən kitablar paylanıldı.

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyır

- Aydan xanım, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Avstraliyada fəxri konsulu təyin edilmisiz. Bu vəzifədə əsas fəaliyyət istiqamətləriniz nə olacaq?

- Öncə onu qeyd edim ki, cənab Prezidentin sərəncamı ilə Azərbaycanın Avstraliyada fəxri konsulu təyin edilməyim əməyimə verilən qiymət və ən əsası, mənə göstərilən ən ali etimaddır. Artıq bundan sonra mənim Avstraliyada yeni missiyam başlayır. Çünki bundan sonra həm də diplomatiya sahəsində çalışacam. İndi mən siyasi baxımdan daha fəal olmalı, Azərbaycan-Avstraliya əlaqələrinin inkişafına böyük töhfələr verməliyəm.

Avstraliya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, bu ölkə müstəqilliyimizi 1991-ci ilin dekabr ayında tanıyıb. 1992-ci ildən diplomatik münasibətlər qurulub. Amma buna baxmayaraq, iki ölkənin bir-birindən coğrafi baxımdan uzaq yerləşməsi səbəbindən siyasi-iqtisadi əlaqələr o qədər geniş deyil. Amma dünya siyasi arenasında öz dəst-xətti və yeri olan Avstraliya Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun mövqe nümayiş etdirir. Xatırladım ki, Avstraliya parlamentinin ötən il noyabrın 30-da keçirilən iclasında Lyuk Simpkins xarici işlər naziri Culia Bişopdan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ilə bağlı Avstraliya hökumətinin mövqeyini açıqlamağı xahiş edib. C.Bişop bildirib ki, Avstraliya hökuməti dünyada suveren ölkələrin ərazilərinin qeyri-qanuni işğalını mühakimə etmək siyasətinə sadiqdir və tamamilə buna uyğun olaraq Avstraliya hökuməti Azərbaycanın suverenliyini tanıyır, Dağlıq Qarabağı isə müstəqil dövlət kimi qəbul etmir. "Eyni zamanda, Avstraliya hökuməti problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu, bizim ardıcıl mövqeyimizdir. Biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq", - deyə C.Bişop diqqətə çatdırıb.

Bu ölkənin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi cənab İlham Əliyevin elan etdiyi prioritetlərin uğurla reallaşmasının göstəricisi və Azərbaycan dövlətinin xarici siyasətinin mühüm uğurlarından biridir. Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli problemimizdir və bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün daha çox iş görməliyik. Bu mənada, fəxri konsul kimi fəaliyyətimdə əsas prioritetlərdən biri Dağlıq Qarabağla bağlı Avstraliyanın daha böyük siyasi dəstəyinin alınması olacaq. Bu həm də ondan irəli gəlir ki, xarici siyasətdə hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev erməni yalanlarının ifşa edilməsini və dünya miqyasında yayılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.

Əsas fəaliyyət istiqamətlərimdən biri də Azərbaycanla Avstraliya arasında iqtisadi əlaqələrin genişləndirilməsi olacaq. Hazırkı iqtisadi münasibətlər iki ölkə arasındakı mümkün iqtisadi əməkdaşlığa uyğun deyil. Ona görə iqtisadi əlaqələri daha da genişləndirmək lazımdır. Yaşadığım Qərbi Avstraliya ölkə iqtisadiyyatının 45 faizini təşkil edir. Azərbaycanda isə Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi formalaşıb. Məhz bu amillər iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açır. Xüsusən sənaye, neft-qaz, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlıq imkanları araşdırılmalıdır. Azərbaycan şirkətlərinin Avstraliya bazarına cəlb olunması, eləcə də Avstraliya şirkətlərinin Azərbaycana sərmayə qoyması hər iki tərəf üçün faydalı ola bilər. Bunun üçün ölkələrin biznes mühiti və mövcud potensialı haqqında iş adamlarının məlumatlandırılması məqsədilə biznes forumların keçirilməsi də vacibdir. Bu mənada, fəxri konsul kimi fəaliyyətimdə bu məsələyə də xüsusi diqqət yetirəcəm.

Bu məqsədlə mən çalışacağam ki, iki ölkənin müvafiq siyasi və iqtisadi dairələrinin təmsilçilərinin daha çox qarşılıqlı səfərləri təşkil olunsun. İndiyədək Azərbaycan parlament nümayəndə heyəti bir neçə dəfə Avstraliyada səfərdə olub. Ötən ilin oktyabrında isə Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün L.Simpkinsin rəhbərliyi ilə Avstraliya nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Məhz bu səfərdən sonra L.Simpkins Avstraliya parlamentində çıxışı zamanı bildirmişdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidir. Bu mənada qarşılıqlı səfərlərin intensivləşməsi ancaq ümumi işimizin xeyrinə olar.

"Azərbaycan" qəzeti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti