Bakı. Trend:
“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı çərçivəsində qarşıya qoyulmuş əsas hədəflərdən biri dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq edilməsidir.
Trend xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.
Sədr bildirib ki, tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən edir:
“Bu modelin ancaq dövlət qulluğuna qəbul prosesində deyil, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı da əsas meyar kimi tətbiq edilməsi nəzərdə tutulur. Bu məqsədlə Mərkəz 2024-cü il ərzində ümumi səriştələrin qiymətləndirilməsi üzrə alətlərin-situasiya mühakimə testlərinin (SMT) hazırlanması üzrə beynəlxalq ekspert tərəfindən keçirilən təlimlərdə iştirak edib, bu sahədə nəzəri və praktiki biliklərini genişləndirib. Təlimlərdə SMT-lərin hazırlanma prinsipləri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və tətbiqi üzrə beynəlxalq təcrübələrə əsaslanan metodlar təqdim edilib”.
M.Abbaszadə əlavə edib ki, hazırlanmış SMT-lərin keyfiyyət parametrlərinə uyğunluğunu və effektivliyini yoxlamaq məqsədilə genişmiqyaslı sınaq tədbirləri təşkil edilib:
“Bu sınaqların əsas məqsədi SMT-lərin praktiki istifadəyə və qiymətləndirmə meyarlarına uyğunluğunu, habelə dövlət qulluqçularının potensialını daha dəqiq müəyyənləşdirməklə bağlı effektivliyini araşdırmaq olub. Sınaq prosesinə müxtəlif dövlət orqanlarında qulluq keçən dövlət qulluqçuları, həmçinin dövlət qulluğunda çalışmayan şəxslər cəlb edilib. Bu yanaşma müxtəlif əhali qruplarının iştirakını təmin etməklə SMT-lərin hərtərəfli yoxlanılmasına şərait yaradıb. Yeni alətlərin keyfiyyət parametrlərinin araşdırılmasının növbəti mərhələsində dövlət qulluqçuları 360 dərəcə qiymətləndirmə prosesinə cəlb edilib. Bu qiymətləndirmənin nəticələri SMT-lərdən əldə edilən nəticələrlə müqayisə edilib və bu iki qiymətləndirmə aləti arasında korrelyasiya ilə bağlı əlavə təhlillər aparılıb. Səriştə modelinin dövlət qulluğunda tətbiqi ilə bağlı prosedur və mərhələlər dəqiq şəkildə müəyyən edilib və bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Bu proses zamanı dövlət qulluğunda səriştə modelinin tətbiqi üzrə spesifik tələblər və əməkdaşlıq mexanizmləri razılaşdırılıb”.
M.Abbaszadə vurğulayıb ki, dövlət qulluqçularının texniki səriştələrinin qiymətləndirilməsi üçün nəzəri modelin hazırlanması üzrə layihəyə başlanılıb:
“Bu çərçivədə müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri və xarici ekspertlərin iştirakı ilə görüşlər keçirilib. Görüşlər zamanı nəzəri modelin hazırlanması prosesində dövlət orqanları ilə əməkdaşlıq imkanları, eləcə də tətbiq ediləcək qiymətləndirmə yanaşmaları müzakirə edilib. Bu o deməkdir ki, Azərbaycan əmək bazarındakı sürətli dəyişikliklərə uyğunlaşmaq üçün səriştə əsaslı insan resurslarının idarəedilməsi modelinə keçməklə dövlət qulluğuna qəbulda yeni yanaşmaya keçidi hədəfləyib. Ümumi zehni qabiliyyətlərin qiymətləndirilməsini, strukturlaşdırılmış müsahibələri və qiymətləndirmə mərkəzini özündə birləşdirən bu yeni yanaşma namizədlərin daha dəqiq qiymətləndirilməsini təmin etməyə və vakant vəzifə üzrə ən uyğun namizədi seçməyə imkan verəcək”.