Bakı. Trend:
2024-cü il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlərin təyinat sayı keçən illə müqayisədə 48.40% artaraq 1487 vəzifə təşkil edib. Ən yüksək təyinat daxili müsahibə üzrə (643/43.24%) müşahidə edilir.
Trend xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.
DİM İH-nin sədri vurğulayıb ki, ötən il ərzində müsahibələrdə uğur əldə edən namizədlər 57 məhkəmə orqanı,78 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 183 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin ediliblər.
Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci (366/24.61 %) və 7-ci (650/43.71 %) təsnifatına uyğun vəzifələr üzrə aparılıb. Qeyd edilən dövr ərzində ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi (103/6.93 %), Maliyyə Nazirliyi (96/6.46 %) və İqtisadiyyat Nazirliyi (92/6.19 %) aparıb.
Müsabiqə üzrə (67/4.51%) və ümumi müsahibə üzrə Qida Təhlükəsizliyi Agentliyi (19/1.28%), daxili müsahibə üzrə isə Maliyyə Nazirliyi (74/4.98%) daha çox vəzifəyə təyinat aparıb.
Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı 4-cü təsnifat inzibati vəzifələrə Hesablama Palatası (3/75 %), 5-ci təsnifat inzibati vəzifələrə Sumqayıt Apellyasiya Məhkəməsi (10/11.76 %), 6-cı təsnifat inzibati vəzifələrə Bakı Ağır Cinayətlər Məhkəməsi (19/16.38 %), 7-ci təsnifat inzibati vəzifələrə Qida Təhlükəsizliyi Agentliyi (60/18.13 %) aparıb.