Bakı. Trend:
Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici 2024-cü il ərzində qeydə alınıb.
Trend xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.
DİM İH-nin sədri vurğulayıb ki, 505 ehtiyat kadr 14-ü məhkəmə orqanı, 10-u yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 60 dövlət orqanında 506 vakant vəzifəyə təyin edilib.
Daha öncəki ən yüksək göstərici 2023-cü ildə (366) qeydə alınıb.
Müsabiqə nəticəsində ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər arasında dövlət qulluğu vəzifələrinə təyinat daha yüksəkdir.
Belə ki, qeyd olunan əsasla ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2023-cü ildə 263 analoji vəzifələrə təyin edilibsə, 2024-cü ildə bu say 30.41% artaraq, 343 vəzifə təşkil edib. Ehtiyat kadrlar siyahısından vakant vəzifələrə təyinat aparan dövlət orqanları arasında Maliyyə Nazirliyi (72 /14.22%), İqtisadiyyat Nazirliyi (56 /11.06%), Elm və Təhsil Nazirliyi (55 /10.86%) ilk yerləri tutur”, - deyə M.Abbaszadə qeyd edib.