Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il avqustun 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə imtahan keçiriləcək.
Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq.
İmtahanda iştirak üçün 783 namizəd qeydiyyatdan keçib.
Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 10:00-da başlanır Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 50, BB qrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd qeydiyyatdan keçib.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.