...

"Azərbaycanın palçıq vulkanları" biblioqrafik soraq kitabı dərc olunub

Cəmiyyət Materials 6 Dekabr 2006 18:56 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun "Nafta-Press" nəşriyyatında dərc olunmuş "Azərbaycanın palçıq vulkanları" biblioqrafik soraq kitabı çapdan çıxıb.

Trend AMEA-nın Geologiya institutunun mətbuat xidmətinə istinadən xəbər verir ki, kitabın müəllifləri Geologiya İnstitutunun alimləri - geologiya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanov, geologiya-mineralogiya elmləri namizədi Tamilla Həsənəliyevadır. Kitabda Azərbaycanın palçıq vulkanları haqqında Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş bütün informasiya mənbələrini tapmaq olar. "Bu vəsait biblioqrafik ədəbiyyat kimi palçıq vulkanı sahəsində tədqiqatlar aparmaq istəyən alimlər üçün mühüm rol oynayır. Bu biblioqrafik vəsait 1976-cı ildə çap olunmuş eyniadlı soraq kitabından sonra ikinci nəşrdir", - deyə institutdan bildiriblər.

1828-ci ildən 2005-ci ilədək Azərbaycanda və xaricdə Azərbaycanın palçıq vulkanları haqqında 1600-ə yaxın elmi əsər, məqalə və s. çap olunub. Onlar əsasən Azərbaycandakı palçıq vulkanları ilə əlaqədar aparılmış elmi tədqiqat işləri, konfrans və simpoziumların nəticələri barəsindədir. Nəşrlər arasında bu təbiət möcüzələrinin gözəlliyi, tibb, inşaat və s. sahələrdə faydalılığı, mühafizəolunma problemləri, insan həyatı üçün təhlükəliliyi haqda da yazılar mövcuddur. Nəşrlərin müəllifləri Azərbaycandan əlavə, ABŞ, İngiltərə, İtaliya, Almaniya, Rusiya, Ukrayna və s. ölkələrin geologiya, geofizika və geokimya sahələrinin 450-yə yaxın alimləridir. Son 30 il ərzində nəşrlərin sayı 750-ni ötür. Bütün bu məlumatlar yeni biblioqrafik soraq kitabında öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti