...

Sərbəst güləş üzrə yığmamızın dünya çempionatına hazırlığı davam edir (FOTO)

İdman Materials 3 Oktyabr 2018 09:21 (UTC +04:00)
Sərbəst güləş üzrə yığmamızın Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı davam edir
Sərbəst güləş üzrə yığmamızın dünya çempionatına hazırlığı davam edir (FOTO)

Bakı. Trend:

Sərbəst güləş üzrə yığmamızın Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı davam edir.

Trend-in məlumatına görə, oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşan millimizin bu gün baş tutan məşqini Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev də izləyib. Hazırlıq prosesi başa çatdıqdan sonra AGF-nin rəhbəri komanda ilə görüşüb.

Bu yaxınlarda Slovakiyanın Trnava şəhərində təşkil olunmuş gənc güləşçilərin dünya çempionatında medal qazanan idmançılarımızı təbrik edən Namiq Əliyev böyüklərin mundialında da bir neçə gənc güləşçiyə şans veriləcəyini deyib və komandaya uğurlar arzulayıb.

AGF-nin başçısı milliylə birgə hazırlıq keçən, Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Turan Bayramovla da görüşüb və bunları deyib: “Bu dəfə Olimpiadaya cəmi 2 lisenziya qazanmışıq. Əvvəllər vəsiqəmiz daha çox olurdu. Ona görə də sənin üzərinə böyük məsuliyyət düşür. Səndən yalnız qızıl medal gözləyirik”.

Öz növbəsində baş məşqçi Firdovsi Umudov Tokio Olimpiadasına qədər dünya və Avropa çempionatlarında, həmçinin gələn il Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında uğur qazanmağı qarşıya hədəf qoyduqlarını, bunun üçün güləşçilərin əllərindən gələni etməli olduqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, yığmanın təlim-məşq toplanışında bir neçə dağıstanlı güləşçi, eləcə də İtaliya yığmasının lideri, ikiqat dünya və ikiqat Avropa çempionu Frank Çamizo da iştirak edir. Sabahdan Fransa millisi də yığmamızın toplanışına qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti