Azərbaycan, Bakı, 11 avqust /Trend/
"Azərbaycan iqtisadiyyatının diversifikasiya edilməsi ölkə rəhbərliyinin gündəminə dünən gəlməyib. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan hökumətin gündəmində dayanan ən mühüm məsələlərdən biri olub və biri olaraq da qalır. Bu məqsədə çatmaq üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən başlayaraq regionların sosial iqtisadi inkişafına dair iki proqram uğurla icra olunub və artıq 2014-2018 ci illəri əhatə edən üçüncü proqram yerinə yetirilir".
Bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Prezident İlham Əliyevin "Qalaaltı Hotel & SPA" müalicə-istirahət kompleksinin açılışı zamanı səsləndiridiyi fikirləri şərh edərkən deyib. F.Yusifov qeyd edib ki, Prezident "Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq" deyərkən əslində 11 il əvvəl başladığı xəttin dəyişməz olduğunu bir daha açıqlamış olub: "Təəssüf edirəm ki, bəziləri Prezidentin bu fikirləri ətrafında çirkin müzakirələr açıb. İllərdir insanlara yalan satan, cəmiyyətə həqiqətə uyğun olmayan informasiyalar ötürməyə çalışan, özlərini "lider" və "nəhəng" iqtisadçı hesab edənlər bu dəfə də ənənələrinə sadiq qalıb, məsələləri məqsədli şəkildə çaşdırıcı istiqamətdə təhlil və təqdim edirlər. Guya Prezident "nefti və qazı unutmaq lazımdır" deyərkən dövlətin iqtisadi siyasətinin dəyişdiyini bəyan etmiş olub. Qətiyyən belə deyil. Prezident Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq zərurəti barədə dünən deyil, 11 il əvvəl danışıb və elə o vaxtdan da bu istiqamətdə konkret dövlət proqrlamlarının icrasına başlanılıb. Biz Azərbaycanın qeyri-neft sektorunun vəziyyətinə dair yazılarımızda Prezidentin 11 il əvvəl səsləndiridiyi fikirdən bir neçə dəfə istifadə etmişik və ölkədə gedən iqtisadi proseslərin məhz həmin çağırışa uyğun şəkildə davam etdiyini konkret rəqəmlərlə göstərmişik. Görünür Prezidentin 11 il əvvəl dediklərini yaddaşı zəif olanlara bir daha xatırlatmalıyıq. Ümid edirik ki, daha unutmayacaqlar. "Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu Azərbaycan neft ölkəsi deyil". Bunu İlham Əliyev Prezident seçiləndən cəmi 1 il sonra deyib. Bu il mayın 8-də dilə gətridiyi fikirlər isə məhz 11 il əvvəl təməli qoyulmuş iqtisadi siyasətin dəyişməz olduğunun növbəti dəfə bəyan olunması idi. Prezident bununla bir daha qeyd etmiş oldu ki, onun rəhbərliyi ilə illərdir iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək və ölkə iqtisadiyatının neftdən asılılığını aradan qaldırmağa hesablannış addımlar davamlı xarakterdə olacaq. Prezident İlham Əliyev heç vaxt neftə güvənməyib və elə ona görə də hakimiyyətə gəldiyi ilk günlərdən iqtisadiyyatın şaxələndirilməsi istiqamtində effektiv addımlar atıb".
Prezidentin sərəncamları ilə ötən ilin sənaye, cari ilin isə kənd təsərrüfatı ili elan olunduğunu, hazırda regionlarda sənaye məhəllələrinin salınması və aqroparkların yaradılması istiqamətində ciddi işlər getdiyini xatırladan F.Yusifov qeyd edib ki, ötən 11 il ərzində iqtisadiyyatın qeyri-neft sektorunda ümumi məhsul buraxılışı 6,3 dəfə artaraq 2003-cü ildəki 9 milyard 254 milyon manatdan 58 milyard 544 milyon manata çatıb: "Təkcə 2014-cü ildə qeyri-neft sektorundan büdcəyə daxilolmalar 2013-cü illə müqaisədə 14,5% artıb. Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı artaraq 70%-ə yaxınlaşmaqdadır. Yaxın perspektivdə bu rəqəmin 80%-ə çatacağına heç bir şübhə yoxdur. Azərbaycanın bu uğurlarını beynəlxalq maliyyə qurumları da öz hesabatlarında təsdiq edirlər. Çirkin siyasi oyun oynayan birisi isə deyir ki, bütün bunların xalqa heç bir aidiyyatı yoxdur. Bu on ildən artıq vaxt ərzində bir milyondan artıq iş yerləri açılıbsa, əhalinin gəlirləri 7 dəfəyə qədər artıbsa, bunun xalqa necə dəxli olmaya bilər? Neftsiz Azərbaycan iqtisadiyyatını "təhlil" edib ağılsız nəticələrə gələnlər və neftimiz olmasa Gürcüstanın regionda bizi üstələyəcəyini deyənlər bilsinlər ki, bu gün nefti və qazı nəzərə almasaq da belə Azərbaycanın Ümumi Daxili Məhsulu Gürcüstanın Ümumi Daxili Məhsulundan 2,3 dəfə, Ermənistanın Ümumi Daxili Məhsulundan isə 3,6 dəfə çoxdur. Özünə "iqtisadçı", "ekspert" deyən, Gürcüstanı ölkəmizlə müqayisə edib onun üstün mövqelər əldə edə biləcəyinə dair gülməli hesablamalar aparan Facebook "maliyyəçiləri" bu ölkəni Azərbaycanın reallaşdırdığı transmilli layihələrdən kənarda təsəvvür ediblərmi? Belə bir vəziyyətdə Gürcüstan iqtisadiyyatının hansı şəkil alacağını da proqnozlaşıdıra bilərlərmi? Bu bəylər unutmasınlar ki, bizim neftimizi, qazımızı da heç kim əlimizdən alan deyil və bu enerji resursları Azərbaycan iqtisadiyyatına töhfələr verməkdə davam edəcəklər. Sadəcə, dövlətin xətti Azərbaycanı iqtisadiyyatı diversifikasiya olunmuş ölkəyə çevirməkdir ki, bu yöndə əldə olunmuş konkret nəticələri də artıq hamı görür".
F.Yusifov hesab edir ki, Prezident İlham Əliyevin fikirlərini öz siyasi maraqları kontekstində şərh edənlərin davranışında təəccüb doğuracaq heç nə yoxdur: "Bu adamların bəlli məramları var. Onlar tutduqları yolu heç nəyə dəyişmək fikrində deyillər. Hakimiyyətdə olduqları bir il ərzində Azərbaycanı ora qədər sürüklədilər ki, ərazilərimizdə 4 yeni dövlətin yaradılma təhlükəsi yarandı. Ayılıb görəndə ki, dövləti idarə etmək imkanında və bacarığında deyillər, Azərbaycanı bir dövlət olaraq məhv olmaq həddinə gətirib çıxarıblar, çıxış yolunu Heydər Əliyevi hakimiyyətə gətirməkdə gördülər. O, gəldi - əvvəlcə dağıdılmış və yan üstə qoyulmuş Azərbaycanı ayaq üstə qaldırdı, sonradan isə onu bütün dünyanın hesablaşdığı bir dövlətə çevirdi. Bu gün Azərbaycan bölgənin ən qüdrətli dövlətinə çevrilib. Bunu təkcə biz yox, artıq bütün dünya, hətta düşmənlərimiz olan ermənilər də etiraf edir. Bunun belə olduğunu rəqəmlər, konkret faktlar deyir. Bu adamlara isə hansısa izah, arqumentlərə söykənən təhlillər lazım deyil. Onların öz "məntiqi" var - hər şeyi qara rəngdə görmək məntiqi. Bax elə bu məntiq də onları zəlil edib. O qədər aşağılara yuvarlanıblar ki,mitinq çağırışlarına paytaxt sakinlərinin 0,1%-i belə reaksiya vermir. Yalan üzərində qurulmuş siyasətə üstünlük verən, təkcə xalqın deyil, ətraflarında olan beş-on nəfərin də heysiyyatı ilə oynayan, onları öz çirkin oyunlarının qurbanına çevirən "lider" ayamalı siyasi işbazlardan reallığa və sadə məntiqə söykənən hansısa davranış gözləməyə dəyməz. Bu adamlar Azərbaycan dövlətinə qarşı istənilən xəyanətə hazırdırlar və odur ki, ölkənin əldə etdiyi uğurları həzm edə bilmirlər".