Bakı. Trend:
Bu ilin yanvar–mart aylarında Azərbaycan 96,772 milyon kilovat-saat elektrik enerjisi ixrac edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisinin ixracından əldə olunan gəlir 5,098 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı həcm baxımından 343,6 milyon kilovat-saat və ya 4,5 dəfə, dəyər ifadəsində isə 19,3 milyon ABŞ dolları və ya 4,8 dəfə azalıb.
Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektorundakı payı 0,59% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın, 4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə çoxdur.
