...

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılıb

Siyasət Materials 2 Mart 2011 16:56 (UTC +04:00)
Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılır. Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov bu məqsədlə Macarıstana dördgünlük səfərə gedib.
Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Macarıstan arasında siyasi məsləhətləşmələr aparılır. Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov bu məqsədlə Macarıstana dördgünlük səfərə gedib.

Səfərin birinci günü Xələfov Macarıstan parlamentinin sədr müavini Lejak Şandor, Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Jolt Nemet, dövlət katibinin müavini və siyasi direktor Peter Staray, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının Macarıstan tərəfdən həmsədri Roza Nad, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşi və qrupun üzvləri ilə görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı Azərbaycan və Macarıstan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr, iki ölkənin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının fəaliyyətinin intensivləşdirilməsi məsələləri müzakirə edilib.

Martın 1-də Azərbaycanın Macarıstandakı səfirliyinin binasında xarici işlər nazirinin müavini Xələfovun iştirakı ilə diplomatik korpus təmsilçiləri, yerli media nümayəndələri və Budapeştdəki beynəlxalq təşkilatların təmsilçiləri üçün brifinq keçirilib. Brifinq Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin giriş nitqi ilə başlayıb. Daha sonra Xələfov Azərbaycan-Macarıstan əlaqələri, Azərbaycanın enerji siyasəti və bunun Avropanın enerji təhlükəsizliyinə töhfəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu günlərdə 19-cu ildönümü qeyd olunan Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Martın 2-də nazir müavini Xələfov Macarıstanın ictimai televiziyası olan nüfuzlu Duna TV telekanalının səhər proqramında canlı yayımda səfərin nəticələri, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər, ölkəmizin enerji siyasəti haqqında müsahibə verib.

Xəbər lenti

Xəbər lenti