...

Azərbaycan efirində xarici teleserialların minimum həddə göstərilməsi barədə qərar verilə bilər

Cəmiyyət Materials 19 Sentyabr 2011 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurası (MTRŞ) xarici teleserialların Azərbaycan efirində minimum həddə göstərilməsi barədə qərar verə bilər. Bunu bazar ertəsi Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bu minimum hədd təqribən 10-15 faiz civarında müəyyənləşə bilər.

Məhərrəmli qeyd edib ki, yalnız Azərbaycanda yerli istehsal məhsullarının sayı kifayət qədər olduğu zaman bu qərarın verilməsi mümkündür.

O bildirib ki, hazırda Azərbaycanda kinoların sayı o qədər çox deyil, efiri doldurmaq ciddi problemdir. Ona görə də Azərbaycan efirində daha çox xarici ölkələrin məhsulları nümayiş olunur. Amma bu məsələlər ilbəil həll olunduqca MTRŞ gələcəkdə kanallardan xarici serialların yayımını azaltmağı tələb edəcək.

Şura sədri MTRŞ-nin ilk gündən Azərbaycanda yerli televiziya filmlərinin çəkilməsini ciddi məsələ kimi qoyduğunu da söyləyib.

Məhərrəmlinin fikrincə, Azərbaycan tamaşaçıları üçün xarici teleserialların nümayiş edilməsi düzgün deyil.

"İnsanlara, xüsusilə də uşaqlara mənəvi-psixoloji baxımdan yalnız xarici teleseriallar deyil, daxili seriallar da təsir göstərə bilər. Xarici teleseriallardakı mövzu orada da göstərilə və uşaq da bundan psixoloji baxımdan təsirlənə bilər. Sadəcə, xarici teleserialların Azərbaycan tamaşaçıları üçün doğru olmadığı qənaətindəyəm. Bunun əsas səbəbi həmin ölkələrin ailə-məişət məsələlərinin Azərbaycanın ailə-məişət məsələlərindən fərqlənməsidir. Mən həmin ölkələrdəki insanların dünyagörüşünün tamamilə fərqli olması fikrindəyəm. Yəni həmin serialların təsiri altında Azərbaycan tamaşaçıları həm məişət, həm də dünyagörüşü baxımından doğru olmayan, milli-mənəvi dəyərlərimizdən uzaq ruhda tərbiyə alırlar. Buna görə də bu serialların həddindən artıq baş alıb getməsinin tərəfdarı deyiləm", - MTRŞ sədri qeyd edib.

O əlavə edib ki, nümayiş olunan seriallar, televiziya filmləri tərbiyəvi xarakterdə, milli-mənəvi ruhda olmalıdır.

Azərbaycanda istehsal edilən kinoların sayı artana qədər xarici serialların insanlara göstərdiyi mənəvi-psixoloji təsirlərin azaldılması üçün görüləcək tədbirlərə gəldikdə, Məhərrəmli bildirib ki, ölkə Prezidenti İlham Əliyevin sentyabrın 9-da Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında verdiyi sərəncam əsasında Azərbaycanda kino arxivi genişlənəcək.

"Biz çalışırıq ki, kinoların sayı artana qədər televiziya kanalları xarici serialların efirdə göstərilməsinə minimum yanaşsınlar. Yəni çalışsınlar ki, bu seriallar azlıq təşkil etsin. Buna görə də yalnız yerli bədii filmlər deyil, sənədli filmlər, tamaşalar, şou xarakterli, amma intellektual verilişlər də hazırlana bilər", - MTRŞ sədri deyib.

O bildirib ki, hər il dövlət büdcəsindən milli kinonun inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyinə xeyli miqdarda vəsait ayrılır və hər il 7-8 bədii film çəkilir. Amma təəssüf ki, həmin filmlər efirdə göstərilmir. Buna görə də Mədəniyyət və Turizm Nazirliyi həmin filmlərin Azərbaycan efirində nümayişinə xüsusi fikir verməlidir.

"Yəni Azərbaycanın öz filmləri Azərbaycan kanallarında yayımlanmalıdır. Çalışmaz lazımdır ki, onlar film üçün sərfəli, aşağı qiymət qoysunlar ki, bizim də kanallarımız onları göstərə bilsinlər", - Məhərrəmli əlavə edib.

Xəbər lenti

Xəbər lenti