...

Prezident İlham Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra etmir (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 7 İyun 2016 14:06 (UTC +04:00)
BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir.
Prezident İlham Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra etmir (ƏLAVƏ OLUNUB-2)

Berlin. Sevil Mikayılova - Trend:

BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, lakin bu qətnamələr yerinə yetirilmir. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Azərbaycan-Almaniya biznes-forumunda çıxışında deyib.

Prezident qeyd edib ki, Azərbaycan ikili standartlar siyasəti ilə üzləşir, çünki bəzi hallarda qətnamələr bir neçə gün ərzində icra olunur, Azərbaycana gəldikdə isə onlar 20 ildən artıqdır yerinə yetirilmir: "Təəssüf ki, Ermənistan hökumətinə qarşı sanksiyalar tətbiq olunmur".

İlham Əliyev bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.

Dövlət başçısının sözlərinə görə, işğala baxmayaraq, Azərbaycan uğurlu inkişafını təmin edə bilib, bu il də ölkə müstəqilliyinin 25 illiyini qeyd edəcək.

Prezident İlham Əliyev Azərbaycanda siyasi və iqtisadi islahatların aparıldığını bildirib.

İlham Əliyev, həmçinin deyib ki, Azərbaycanda söz və sərbəst toplaşma azadlığı daxil olmaqla, bütün əsas azadlıqlar təmin olunub.

Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur və bu, həmçinin ölkənin qazandığı beynəlxalq dəstəyin təsdiqidir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan 2016-cı ili "Multikulturalizm ili" elan edib: "Azərbaycan müasir, iqtisadiyyatı şaxələndirilmiş olmaqla, özünü təmin edən ölkədir".

Prezident bildirib ki, Azərbaycan iqtisadiyyatı son illər sürətlə artır, o cümlədən 2004-cü ildən 300 faiz artıb: "Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini aşağı sala bilib, hazırda hər ikisi təxminən beş faiz təşkil edir".

Prezident İlham Əliyev, həmçinin xatırladıb ki, 1994-cü ildən Azərbaycan enerji sahəsində meqalayihələr həyata keçirir ki, həmin layihələr tarixdə ilk dəfə olaraq Azərbaycanı Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirmək imkanı verib. Bundan başqa, dövlət başçısı qeyd edib ki, Azərbaycanın qaz kəmərləri ölkəyə Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu dövlətlərə qaz ixrac etməyə imkan verir.

"Cənub Qaz Dəhlizi"ndən danışan Prezident İlham Əliyev qeyd edib ki, bu layihə Azərbaycan üçün enerji resurslarının tədarükünü şaxələndirmək imkanı, tranzit ölkələr üçün isə pul qazanmaq imkanıdır. Dövlət başçısı vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" çərçivəsində Transanadolu və Transadriatik boru kəmərləri kimi layihələr həyata keçirilir. Prezident İlham Əliyev deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin üstünlüyü təkcə marşrutların deyil, həm də tədarük mənbələrinin şaxələndirilməsi imkanıdır.

Eyni zamanda, dövlət başçısı deyib ki, enerji amili Azərbaycan üçün prioritet deyil və hazırda ölkənin diqqəti qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə cəmləşib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ixrac potensialının şaxələndirilməsi bir nömrəli məsələdir və ölkə zəruri iqtisadi islahatların aparılması üçün beynəlxalq maliyyə institutları ilə sıx işləyir.

Dövlət başçısı bildirib ki, 1995-ci ildən Azərbaycana 200 milyard dollar investisiya qoyulub, bunun yarısı xarici investisiyalardır. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, kənd təsərrüfatının inkişafı Azərbaycan üçün prioritetdir, çünki ölkə əhalisinin təxminən yarısı kənd yerlərində yaşayır.

Azərbaycanın uğurlarına gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, ölkə iki peyki orbitə çıxarmaqla kosmos dövlətinə çevrilib.

Sonda dövlət başçısı ümidvar olduğunu bildirib ki, Azərbaycan-Almaniya biznes-forumu təkcə iqtisadi sahədə Azərbaycan və Almaniya arasında əməkdaşlığın genişləndirilməsinə gətirib çıxarmayacaq.

Azərbaycan Prezidenti forum iştirakçılarına uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti