Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Ebola virusunun yayılması baxımından hazırda dünyada yalnız Qvineya və Syera Leon, Liberiya və Nigeriya risk qrupuna daxildir. Azərbaycan da daxil olmaqla, digər ölkələrin heç biri risk qrupuna daxil olunmuş hesab edilmir. Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən deyiblər.
Nümayəndəlikdən bildirilib ki, ÜST ebola virusunun yayılmasının qarşısını almaq üçün hələ heç bir ölkəyə sərhədlərin bağlanması və ya gediş-gəlişin məhdudlaşdırılması barədə tövsiyə verməyib. ÜST-nin indiyədək belə bir tövsiyə verməməsinin səbəbi həmin addımın öz effektini verməməsidir. Çünki hər bir xəstəliyin gizli dövrü olur, o cümlədən ebola virisuna yoluxarkən 21 gün gizli dövr olur.
ÜST-nin nümayəndəliyindən o da qeyd olunub ki, bu xəstəliyin Azərbaycana keçməsinin qarşısının alınması məqsədi ilə Azərbaycan bu qurumdan yardım istəməyib və bununla bağlı təşkilata heç bir yazılı müraciət daxil olmayıb. Hazırda ebola virusunun yayılması ilə əlaqədar ÜST tərəfindən Azərbaycanda heç bir layihə həyata keçirilmir. Bu istiqamətdə yalnız ÜST-nin Azərbaycandakı nümayəndəliyi və Səhiyyə Nazirliyi arasında mütəmadi olaraq məlumat mübadiləsi aparılır.
Qeyd edək ki, Afrikanın qərbində yayılan ebola virusundan indiyədək yüzlərlə insan dünyasını dəyişib. Tər, qan, tüpürcək yolu ilə yayılan bu virusa yoluxanların müalicəsi mümkünsüzdür. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır.