Bakı. Trend:
Türkiyənin iş adamları Azərbaycanda inkişaf üçün unikal imkanlar görür.
Trend xəbər verir ki, bunu Türkiyə Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.
"Bakıda və Azərbaycanın digər guşələrində transformasiyalar gedir və bir faktı qeyd etmək vacibdir ki, transformasiyalar ölkə ərazisinin iyirmi faizi işğala məruz qalan dövrdə də gedib. Bu gün Azərbaycan son iyirmi il ərzində ən sürətlə inkişaf edən dövlət olmaqla coğrafiyamızın ölkələri arasında mühüm mövqe tutub.
Bu gün türkiyəli iş adamları Azərbaycanda inkişaf üçün unikal imkanlar görür. Biz bu inkişafdan həm artımın özü çərçivəsində, həm də onu sürətləndirən investisiyalar formasında savadlı şəkildə istifadə etməliyik", - deyə o qeyd edib.
G.Aşanın sözlərinə görə, investorlar və biznesmenlər perspektivlər gördüyündən, öz resurslarını Azərbaycanın inkişafına yatırmağa hazırdr.
"Azərbaycanda ölkənin iqtisadi və sosial zənginliyinə öz töhfəsini vermək istəyənlər üçün çox sayda imkanlar var. Qeyd etmək lazımdır ki, gələcək investisiyalar üçün qapılar hər iki istiqamətdə açıqdır. Azərbaycan xarici investorları müsbət qarşılayır, lakin həm də öz vətəndaşlarına xaricdə investisiyalarda iştirak etmək imkanı verir. Burada qarşılıqlıq mühüm rol oynayır. Bu qarşılıqlı investisiyaların möhkəmlənərək inkişaf edəcəyini və hər iki ölkəyə qarşılıqlı fayda gətirəcəyini gözləyirik", - deyə o əlavə edib.
Göksel Aşan sonda Azərbaycanın təkcə ticarətdə deyil, həm də öz ictimai və iqtisadi inkişafının müxtəlif aspektlərində çiçəklənməyə davam edəcəyinə, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı investisiyaların iki ölkənin dayanıqlı inkişafı və məhsuldar əməkdaşlığının təməli olacağına ümid etdiyini bildirib.
(Tərcümə: Rəna Əbdürəhmanova)